Yuxarı

​Azərbaycan və Rusiyanın əmək və məşğulluq sahəsində fəaliyyət göstərən qurumları arasında təcrübə mübadiləsinə başlanılıb

Bakı. 26 may. REPORT.AZ/ Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Əmə...

Bakı. 26 may. REPORT.AZ/ Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyat sisteminin yaradılması sahəsində əldə olunan təcrübəni öyrənmək, habelə öz fəaliyyət sahələrində malik olduğu təcrübəni bölüşməkdir.

ƏƏSMN-də nümayəndə heyəti ilə keçirilən görüşdə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə makroiqtisadi sabitlik və dinamik inkişafın təmin edildiyi Azərbaycanın eyni zamanda Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına, mütərəqqi beynəlxalq yanaşmalara uyğun əmək siyasətinə malik olduğunu diqqətə çatdırıb. O, əməyin mühafizəsinin təmini sahəsində də məqsədyönlü işlərin aparıldığını, müsbət nəticələrdən biri kimi, ötən il ölkədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının əvvəlki 2014-cü illə müqayisədə 33,7 faiz, bu hadisələr nəticəsində həyatını itirənlərin sayının 45,5 faiz, xəsarət alanların sayının isə 40 faiz azaldığını bildirib.

Əmək və sosial müdafiə sisteminin əhali üçün bütün aktual sahələrinin müasir elektron texnologiyalar üzərində qurulduğunu vurğulayan F.Əlizadə eyni zamanda artıq iki ilə yaxındır ki, ölkədə əmək müqavilələrinin elektron qeydiyyat sisteminin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

F.Əlizadə bu gün müvafiq iş sahələrində fəaliyyətin təkmilləşdirilməsində ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlıq çərçivəsində təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb: “Rusiyanın Əmək və Məşğulluq Federal Xidməti ilə də fəaliyyət sahələri üzrə təcrübənin paylaşılması bizim üçün əhəmiyyətlidir. Xidmətin nümayəndə heyətinin bu səfəri də qarşılıqlı təqdimatlar əsasında səmərəli təcrübə mübadiləsinin aparılmasına şərait yaradıb ki, bu da hər iki tərəf üçün faydalıdır”.

Nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin rəis müavini İvan Şkloves son illərdə Azərbaycanda əmək və sosial müdafiə sisteminin müasirləşdirilməsi və şəffaflaşdırılması məqsədilə aparılan islahatları maraqla izlədiklərini vurğulayıb. O, əmək, əmək münasibətlərinin elektron qeydiyyatı, məşğulluq, işsizliyin azaldılması, aktiv məşğulluq tədbirləri və digər müvafiq sahələrdə ölkəmizlə təcrübə mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

Tədbir təqdimatlarla davam edib. 

Qeyd edək ki, nümayəndə heyətinin səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin və Səbail rayon Məşğulluq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaları da nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi