"Azərbaycan və Qırğız Respublikası sosial sahədə əməkdaşlıq haqqında razılaşma üzərində işləyirlər".
“Report” xəbər verir ki, bunu Qırğız Respublikasının Sosial Fondunun sədr müavini Gülnura Cumatayeva jurnalistlərə bildirib.
“Biz çoxdan əməkdaşlıq edirik. Hazırda Azərbaycan ilə sosial sahədə, o cümlədən müavinət və pensiyaların ödənilməsi məsələsində əməkdaşlıq haqqında ikitərəfli razılaşma üzərində işləyirik. Bu razılaşma Qırğız Respublikasında işləyən Azərbaycan vətəndaşlarının və ya Azərbaycanda işləyən Qırğız Respublikası vətəndaşlarının hüquqlarının pozulmamasına, əksinə, sosial zəmanətlə qorunmasına kömək edəcək”, - o deyib.
G.Cumatayeva əməkdaşlıq üçün Azərbaycana minnətdarlığını söyləyərək, ölkəmizin sosial xidmətlərin göstərilməsi sahəsində qabaqcıl təcrübəyə malik olduğunu vurğulayıb: “Qırğız Respublikası Azərbaycanın müstəqillik illərində bu sahədə əldə etdiyi nailiyyətləri öyrənmək niyyətindədir”.