Yuxarı

Azərbaycan qadını - xalqın gələcəyinə qayğı və uzaqgörənlik nümunəsi

“Nə vaxtsa Azərbaycanın Marqaret Tetçerlərinin olacağına inanıram”

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak edib, öz mərdliyi, saflığı və sədaqəti ilə seçilib, milli-mənəvi dəyərlərimizin formalaşmasında əhəmiyyətli rol oynayıb. Hər zaman öz müdrikliyi, ləyaqəti ilə seçilən qadınlarımız bu gün müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər. Azərbaycanda qadına hörmət xalqımızın öndə gələn ənənələrindən olub. Hələ XX əsrin əvvəllərində Şərqdə ilk demokratik cümhuriyyətin qurulduğu Azərbaycanda qadınlara da seçib-seçilmək hüququ verilib. Halbuki, həmin vaxt Avropada, eləcə də hazırda inkişaf etmiş ölkə kimi tanınan bir sıra dövlətlərdə qadınların belə bir hüququ yox idi. Beləliklə, Azərbaycan qadını XX əsrdə - istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.

Kişilərlə qadınlara bərabər hüquqlar

1991-ci ildə Azərbaycan öz müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra da ölkəmizdə qadınlara olan diqqət daim diqqət mərkəzində saxlanılıb. Ölkə daxilində qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul olunan Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın 25-ci maddəsində qeyd olunub ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları var. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminat verir. İnsan və vətəndaş hüquqlarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Bu prinsiplərin əsas məqsədi həyatın bütün sahələrində kişilərlə qadınların bərabər hüquqlara malik olmasından əlavə, həm də qadınların cəmiyyətin fəal və aparıcı üzvünə çevrilməsidir.

Dövlət siyasətini və tənzimlənməsini həyata keçirən orqan

Bununla yanaşı, ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə ölkəmiz “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Qadınların siyasi hüquqları haqqında”, “Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında” beynəlxalq konvensiyalara qoşulub. 1998-ci ildə ölkəmizdə Azərbaycan Qadınlarının Birinci Qurultayı keçirilib. Ümummilli liderin 2000-ci il 6 mart tarixli “Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanına əsasən, qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması ön plana çəkilib. 2006-cı il oktyabrın 10-da “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun qəbul olunması da qadınların cəmiyyət həyatında fəal iştirakının təmin olunmasında, eləcə də onların hüquq və vəzifələrinin qorunmasında, sosial problemlərinin həllində mühüm əhəmiyyətə malikdir. Ümummilli liderin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirib. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 6 fevral 2006-cı ildə imzaladığı fərmanla bu qurum daha da təkmilləşdirilib, onun bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, Hicran Hüseynova Komitənin sədri təyin edilib. Hazırda Komitə adından da göründüyü kimi, ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycanda qadın siyasəti

Ümumiyyətlə, XX əsrin əvvəllərindən indiyə qədər yaradılan hüquqi baza, həyata keçirilən mühüm dövlət tədbirləri sayəsində Azərbaycan qadını bir neçə əsrə bərabər inkişaf yolu keçib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Aqiyə Naxçıvanlı da hesab edir ki, qadınlarımız xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və iqtisadiyyatımızın qurulmasında daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər. Onun fikrincə, müstəqillik qazandıqdan və ümummilli lider Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə qayıdışından sonra qadınların Azərbaycanın ictimai-mədəni həyatında iştirakı əhəmiyyətli dərəcədə artıb. Bu dövrdə dövlət qadın siyasəti diqqət mərkəzində saxlanılıb, qadınların hüquq və vəzifələrinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Millət vəkili bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, qadınların cəmiyyətin inkişafında, dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunması və onların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib: “1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında qadın hüquqları öz əksini tapıb, dövlət quruculuğu prosesində qadınların iştirakına hüquqi zəmin yaradılıb. Ulu öndər Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə qadınların problemlərinin həllinə hərtərəfli qayğı göstərməsi, onların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında iştiraklarını təmin etməsi bu gün Azərbaycan qadınının qazandığı nailiyyətlərin əsas hərəkətverici qüvvəsi olub. Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də ölkəmizdə dövlət qadın siyasəti sahəsində mühüm tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, artıq Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur və BMT-nin Qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür”.

Qadınları narahat edən əsas problemlər

Azərbaycan qadınının problemlərindən də söhbət açan millət vəkili A.Naxçıvanlı deyib ki, hər bir qadını narahat edən əsas problem Dağlıq Qarabağ münaqişəsi və bundan qaynaqlanan bir sıra çətinliklərdir: “Bu münaqişənin varlığı, Azərbaycanın ərazi bütövlüyünün pozulması, Ermənistanın işğalı altında saxlanılması təbii ki, Azərbaycan qadınını da narahat edir. Eyni zamanda, Azərbaycan qadını anadır. Bir ana kimi də bu problemin varlığından, ölkəmizin, dövlətimizin, övladlarımızın həyatına gətirə biləcəyi təhlükədən narahatlıq keçirir. Bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var ki, onların üzləşdiyi çətinliklər də Azərbaycan qadınını narahat etməyə bilməz. Düşünürəm ki, bütün digər problemlərimiz də bu iki amildən asılıdır, buradan qaynaqlanır. Son günlər cəbhə xəttində ordumuzun uğurlu əməliyyatlar keçirərək düşmən üzərində üstünlüyünü nümayiş etdirməsindən sonra bir daha əmin oldum ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsi də qısa zamanda ərazi bütövlüyümüz çərçivəsində həllini tapacaq, Azərbaycan qadını da ən böyük qayğısından azad olacaq”.

Xalqın gələcəyinə qayğı və uzaqgörənlik nümunəsi

Təhsil nazirinin müşaviri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva da bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda qadın hərəkatına, qadınların ictimai-siyasi həyatda fəal iştirakına hər zaman böyük önəm verib. Onun sözlərinə görə, bu siyasət xalqımızın gələcəyinə qayğının, uzaqgörənliyin bir nümunəsidir və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hazırda 700 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Bu gün cəmiyyəti idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı ildən-ilə artır. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə sistemli tədbirlərinin genişlənməsində, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin də xüsusi rolu var. Bu gün ölkə təhsilində və iqtisadiyyatında çalışanların təxminən yarısı - dörd milyona qədəri qadınlardır. Elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışan 400-dək qadın son illər dövlət başçısı tərəfindən yüksək fəxri adlara, orden və medallara, fərdi təqaüdlərə layiq görülüb. Bütün bunlar Azərbaycanda qadınlara diqqət və qayğının, eyni zamanda, qadınlarımızın cəmiyyətimizdəki aktiv rolunun bariz göstəricisidir”.

Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram

Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin deputatı, Babək rayonu, Payız kənd orta məktəbinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Turan Məmmədli də hesab edir ki, cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram onlara mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə bilik və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaradıb. Direktorun sözlərinə görə, qadınlarımız bu gün də müxtəlif sahələrdə, o cümlədən vətəndaş cəmiyyəti quruculuğunda, mədəniyyətlərarası dialoqun formalaşdırılmasında öz intellektual potensiallarını əsirgəmirlər: “Naxçıvan Muxtar Respublikasında da qadınların ictimai-mədəni həyatda iştiraklarının təmin olunması diqqət mərkəzində saxlanılır. Artıq muxtar respublika qadınları cəmiyyətin həyatında fəal iştirak edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 28 sentyabr tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması həm də muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının müdafiə edilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha bir göstəricisidir. Artıq muxtar respublikamızda müxtəlif peşə sahələrində çalışan qadınların sayı ilbəil artmaqdadır. Təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, qadınlarımız həm də hüquq-mühafizə, məhkəmə və digər orqanlarda ləyaqətlə xidmət edir, elm və texniki sahələrdə fəaliyyət göstərirlər. Dövlət qadın siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir ki, qadınlarımız istər icra, istərsə də yerli özünüidarəetmə orqanlarında geniş təmsil olunur, yüksək və məsul vəzifələrə təyin olunurlar. Eyni zamanda, hər il muxtar respublikamızda təhsil, səhiyyə, mədəniyyət, dövlət qulluğu və digər sahələrdə səmərəli fəaliyyət göstərən qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Nümunə üçün qeyd etmək yerinə düşər ki, hazırda muxtar respublika qadınlarından 1-i Milli Məclisin, 7-si Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 15 qadın isə sahibkardır. Eyni zamanda, muxtar respublikada qadınlardan 13-ü bələdiyyə sədri, 22 minə yaxını Yeni Azərbaycan Partiyasının üzvüdür. 20 mindən artıq qadın səhiyyə, mədəniyyət, təhsil sahələrində, o cümlədən dövlət qulluğunda və özəl müəssisələrdə çalışır. 7 mindən çox qadın idmanın müxtəlif növləri ilə məşğul olur”.

Azərbaycanın Marqaret Tetçerləri

Azərbaycanın əməkdar jurnalisti Ləman Ələşrəfqızı isə mövzu ilə bağlı açıqlamasında Azərbaycan qadınını daha işgüzar, qabaqcıl, fəal görmək istədiyini dilə gətirib. O, hazırda istəklə reallığın ayrı-ayrı olduğunu söyləyib: “Reallıq budur ki, Azərbaycan qadını kişilərə uduzur. Səbəbi qadınların yüksək göstəricilərə nalik olmaması deyil, qadına bu imkanın yaradılmamasıdır. Bu gün Azərbaycanda qadınlar daha qabaqcıl rola malik ola, daha yüksək vəzifələrdə çalışa bilərlər. Mən inanıram ki, bu nə vaxtsa belə olacaq. Amma əlbəttə, qadınlar da öz üzərində işləməli, siyasi-iqtisadi biliklərini təkmilləşdirməli və sübut etməlidirlər ki, bacarıqlıdırlar. Mən nə vaxtsa Azərbaycanın Marqaret Tetçerlərinin olacağına inanıram. Amma bu gün belə qadınlar bizdə yoxdur. Arzulayaq ki, olsun”.

İnkişaf etməyə, uğur qazanmağa can atmaq

Azərbaycan Taekvondo Federasiyasının hakimi, idmançı Təranə Xudabaxşıyeva demokratik bir ölkədə yaşadığını dilə gətirərək, cəmiyyətimizdə ağıllı və savadlı qadınlara üstünlük verildiyini vurğulayıb. O, bu kimi reallıqların onda böyük sevinc hissi doğurduğunu qeyd edib: “Bu məsələ məni çox sevindirir. Çünki belə olan halda qadın daha da inkişaf etməyə, uğur qazanmağa can atır. Belə xanımlar sırasında idmanda, mədəniyyətdə, hətta siyasətdə də çox uğur qazanmış xanımları misal göstərə bilərik. Dövlətimizin uğurlu siyasətində xanımların rolu heç də az deyil, əksinə, çox böyükdür. Bütün gənc xanımları fəal olmağa və uğurlar qazanmağa səsləyirəm. Yetər ki, ürəkdən istəsinlər. O zaman bütün istədiklərinə nail olacaqlar”.

Qadın gülərsə...

Son olaraq qeyd edək ki, bu gün Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin prioritetlərindən birini təşkil edir. Qadınlar üçün uyğun şəraitin yaradılması, ictimai-siyasi, sosial-iqtisadi həyatın müxtəlif sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır. Təbii ki, istənilən ölkədə, o cümlədən Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər qadınların daha azad və xoşbəxt olması, onların cəmiyyətin bütün sahələrində böyük uğurlar qazanması, bunun nəticəsində bəşəriyyətin yüksəlməsi üçündür. Necə ki, vaxtilə Azərbaycan ədəbiyyatının romantizm cərəyanının əsas nümayəndəsi Hüseyn Cavid demişdi: “Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.

Yazı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi