Azərbaycan dövlətinə sığınanlar burda məskunlaşır - REPORTAJ

Azərbaycan dövlətinə sığınanlar burda məskunlaşır - REPORTAJ 2 hektara yaxın ərazidə miqrantlar üçün rahat şərait yaradılıb
Sosial müdafiə
31 Yanvar , 2017 10:46
Azərbaycan dövlətinə sığınanlar burda məskunlaşır - REPORTAJ

Bakı. 31 yanvar. REPORT.AZ/ Müdriklər insana öz doğma vətənində, evində divarların da kömək etdiyini deyiblər. Amma bəzən doğma torpaq sevgisi nə qədər güclü olsa da, müxtəlif səbəblər insanı öz elinin sərhədlərindən kənara aparır. Bu gün vətənində üzləşdiyi çətinliklər səbəbindən Azərbaycana üz tutan insanlardan söhbət açmaq istəyirik. Çünki başqa ölkələrdən vətənimizə gəlib burada özünə yeni həyat quranların sayı az deyil. Qaçqın statusu almaq, bu torpaqda yaşamaq ümidi ilə gözləyənlər də var. Azərbaycan dövləti də belə insanlar üçün əlindən gələni əsirgəmir, statusları müəyyənləşənədək onların rahatlığını yüksək səviyyədə təmin edir. "Report"un əməkdaşları Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində əcnəbilər üçün yaradılan şəraitlə yaxından tanış olub.

Şəhərin səs-küyündən kənarda sakit bir guşə

Dövlət Miqrasiya Xidmətindən icazə aldıqdan sonra mərkəzlə tanış olmaq imkanı əldə etdik. Əcnəbilərin saxlanması üçün tikilən mərkəz kənardan səliqə-səhmanı ilə diqqəti cəlb edir. Bura özlüyündə şəhərin kənarında sakit bir guşədir. İki hektara yaxın ərazini əhatə edən Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər qanunsuz miqrantların saxlanması mərkəzi 2012-ci ildən fəaliyyət göstərir. Burada həm qeyri-qanuni miqrantlar, həm də qaçqın statusu ilə bağlı müraciət edən əcnəbilər saxlanılır. Qanunvericiliyin tələblərini pozan miqrantlar barələrində çıxarılan qərardan asılı olaraq burada bir və ya iki gün saxlanıldıqdan sonra ölkədən çıxarılır.

Qaçqın statusu almaq istəyənlər isə müraciətlərinə baxılmasından asılı olaraq mərkəzdə üç ay qala bilərlər. Əgər onlara qaçqın statusu verilərsə, bundan sonra imkanları olmadığı halda daha üç ay mərkəzdə qalmalarına icazə verilir. Həmin əcnəbilər mərkəzə könüllü qaydada yerləşdirilir. Onlar istədikləri vaxt şəhərə çıxa, burada qaldıqları müddət çərçivəsində özlərinə iş də tapa bilərlər. Qanunda qaçqın statusu ilə bağlı müraciət edən şəxslərin müraciətlərinə baxıldığı dövrdə müvəqqəti olaraq işləmələrinə icazə verilir.

Qaçqın statusu almaq istəyənlərin heç də hamısı bu mərkəzə üz tutmur. Onlar arasında şəhərdə yaşayanlar, işlədikləri yerə yaxın məsafələrdə mənzil kirayələyib qalanlar da çoxdur.

Mərkəz ötən il qaçqın statusu almaq üçün müraciət edən 30-a yaxın miqranta yuva olub

Ötən il sırf qaçqın statusu ilə bağlı mərkəzə qalmaq üçün müraciət edən şəxslərin sayı 30-a yaxın olub. Ümumilikdə ötən il “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

Qanunvericiliyin tələblərini pozan miqrantlar da müvəqqəti bu mərkəzdə saxlanılır. Onların 48 saat ərzində ölkədən çıxarılması təşkil olunur. Hazırda mərkəzdə bu cür miqrantlar olmasa da, zaman-zaman gətirilənlər olur.

Özü də miqrantların mərkəzdə saxlanılması dövlət hesabınadır.

Burada subay insanlar ayrı, ailəlilər ayrı otaqlarda yaşayırlar. Ailə üzvlərinin sayı çox olanlar üçün iki otaq ayrılılır.

Əsasən şərq ölkələrindən gəlirlər

Mərkəzin səlahiyyətli şəxsləri bildirdilər ki, qaçqın statusu ilə bağlı müraciət edənlər əsasən şərq ölkələrindən olur. Yaxın Şərq ölkələrində baş verən hadisələrdən sonra isə Azərbaycana gələn miqrantların sayında artım nəzərə çarpmayıb.

Miqrantların saxlandığı mərkəzlə tanışlığa tibb məntəqəsindən başlayırıq. Onların qəbulu və ilkin tibbi yardımı burada həyata keçirilir.

Hər hansı bir xəstəliyi olanlara qarşı tədbirlər alınır və daha sonra hamamda yuyunmaları üçün şərait yaradılır və gigiyenik prosedurlardan keçirlər. Təmiz paltarı olmayanlar geyimlə təmin olunur. Əcnəbilərin xidmətinə çamaşırxana da verilib.

Azərbaycan qanunvericiliyinə görə, müəyyən yolxucu xəstəlik daşıyıcısı olanların ölkədə müvəqqəti yaşamasına icazə verilmir. Bu istisna hal yalnız Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə şamil edilir.

Hazırda müxtəlif olkələrdən 70-ə yaxın şəxs Dövlət Miqrasiya Xidmətində qaçqın kimi qeydiyyatdadır. Miqrant kimi müraciət edənlər arasında sənədləri qaydasında olmadıqda öz ölkəsinə, yaxud başqa ölkələrə gedənlər də olur.

Mərkəzdə otaqlar standartdır, hər birində lazımi şərait yaradılıb. Bütün otaqlarda ayrıca sanitar qovşaqlar var.

Beynəlxalq təşkilatların tövsiyəsi nəzərə alınaraq əlillər üçün də otaq hazırlanıb. Burada onlar üçün əlil arabası qoyulub. Əlillər üçün sanitar qovşaqda xüsusi şərait yaradılıb.

Mərkəz eyni vaxtda 110 nəfəri saxlamaq imkanına malikdir.

Koridorda divarlara müxtəlif dillərdə sənədlər, miqrantların hüquq və vəzifələrindən bəhs edən məlumat lövhələri vurulub.

Miqrantların ehtiyacı üçün geyim anbarı

Mərkəzdə miqrantların özləri və uşaqlarının bütün geyim ehtiyacları nəzərdə tutulub. Anbarda uşaq əmziyindən, bezlərindən tutmuş, hamam ləvazimatlarına, saç sancağına qədər hər bir şey var. Burada verilən geyim isə onlardan geri alınmır.

İbadət otağında dinindən asılı olmayaraq hər bir insan Allaha dua edə bilər. Hətta oruc tutanlar üçün imsak yeməyi də hazırlanır.

Mərkəzin eyni vaxtda təxminən 40 nəfərin yemək yeyə biləcəyi gül-çiçəklə əhatələnmiş yeməkxanası var ki, miqrantlar burada isti yeməklə təmin olunur.

Əcnəbilər üçün kitabxana funksiyasını yerinə yetirən mütaliə otağı da var. Burada müxtəlif dillərdə kitablar, dövri mətbuat nümunələri yer alıb. Müraciətlərinə baxılması bir aydan üç aya qədər davam etdiyindən dil öyrənmək istəyənlərə köməklik də göstərilir. Kitabxanada miqrantların və sığınacaq axtaran şəxslərin hüquq və vəzifələrindən bəhs edən müxtəlif dillərdə - Azərbaycan, rus, ingilis, ərəb, urdu, fars dillərində məlumat kitabçaları var. Maraqlananlar üçün burada Azərbaycan mətbəxindən tutmuş Dağlıq Qarabağ problemi ilə bağlı məlumatların yer aldığı nəşrlər var.

Əfqanıstandan qaçmağa məcbur olmuş ata və iki aya dilimizdə danışmağı öyrənən balaca qızcığaz

Məhəmməd və qızı Aişə (adlar şərtidir)

Mərkəzi gəzərkən uşaq gülüşlərinin səsi gəlir. Mərkəz əməkdaşları deyir ki, bu, 3 yaşına üç ay qalan Aişədir. Gülər üzü ilə hamının diqqətini çəkən Aişənin atası qaçqın statusu almaq niyyəti ilə Əfqanıstandan Azərbaycana gəlib: "Əfqanıstanda olanda ABŞ səfirliyində işləyirdim. Taliblər tərəfindən təhdid olunurdum. Buna görə də ailəmi də götürüb qaçdım. Qaçqın statusu almaq üçün Azərbaycana gəldim. İki aya yaxındır Azərbaycandayam".

Buradakı şəraitdən razılıq edən Məhəmmədin həyat yoldaşı xəstəxanaya getmişdi. Hazırda hamilə olan miqrant xanım vəziyyəti ilə bağlı narahatlıq yaşadığından Xidmət tərəfindən Səhiyyə Nazirliyinə məktub yazılıb və onun xanımı qeydiyyata götürülüb. Hazırda o, Sabunçu rayonunda qadın məsləhətxanasında qeydiyyata durub və biz mərkəzdə olduğumuz vaxt xəstəxanada idi. Atası və hələ üç yaşı olmayan Aişə isə mərkəzdə anasının yolunu gözləyir. Azərbaycana gəlmələrindən heç iki ay ötməyib, amma Aişə artıq Azərbaycan dilində danışa bilir. Bizə "necəsən", "nə deyirsən" kimi suallar da ünvanlayırdı.

Məhəmməd deyir ki, Azərbaycanla Əfqanıstan arasında yalnız dil fərqi var: "Burada da hamı müsəlmandır. Yeməklər arasında elə bir fərq yoxdur".

Valideynləri Əfqanıstanda olan Məhəmməd bir müddət əvvəl onlarla əlaqədə olsa da, son vaxtlar danışmadığını deyir. Yeri gəlmişkən, mərkəzdə miqrantların daxildə və xaricdə olan təşkilatlar, şəxslərlə əlaqə saxlaması üçün xüsusi telefon aparatları da quraşdırılıb.

Mərkəzdə miqrantlara toy mərasimi da keçirilib

Bir neçə il əvvəl Əfqanıstandan Azərbaycana bir-birilərini sevdiyi üçün qoşulub qaçan iki gənc gəlir. Valideynləri onların evlənməsini istəmədiyindən belə bir yola əl atan gənclər mərkəzə yerləşdikdən sonra evlənmək istədiklərini bildirirlər.

Beynəlxalq təşkilatları da cəlb etməklə Dövlət Miqrasiya Xidməti həmin əcnəbilər üçün yerlilərinin də iştirakı ilə toy mərasimi keçirib. Hazırda qaçqın statusu alan həmin ailə Azərbaycanda yaşayır və bir övladları da var.

On il ərzində dünyaya nümunə olacaq mərkəz yaradıldı

Qaçqın statusu alan şəxslərin hüquqları təxminən Azərbaycan vətəndaşlarının hüquqlarına bərabərdir. Onlar burada işləyə, yaşayış yeri seçə bilərlər. Beş ildən sonra isə vətəndaşlıq almaq üçün müraciət edə bilərlər. Mərkəz əməkdaşları deyir ki, Azərbaycanda qaçqın statusu alanlar arasında özünə ev, maşın alanlar, kiçik bizneslə məşğul olanlar da var. Hətta vətəndaşlıq alanlar da az deyil. Yeri gəlmişkən, son vaxtlar qanunvericilikdə dəyişiklik olub. Hazırda qaçqın statusu alanların vətəndaşlıq almaqla bağlı müraciət etmə proseduru sadələşdirilib.

Bu prosesdə Dövlət Miqrasiya Xidməti sənədlərin toplanması və təqdim edilməsində iştirak edir. Vətəndaşlıq verilib-verilməməsinə isə Prezident Administrasiyasında Vətəndaşlıq məsələləri üzrə Komissiya tərəfindən baxılır. Ölkə prezidentinin son sərəncamı ilə isə 245 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub, iki nəfərin isə vətəndaşlığı bərpa edilib.

Vurğulamaq yerinə düşər ki, Xidmətin təlim-tədris mərkəzində əcnəbilər üçün Azərbaycan dilini, o cümlədən onların hüquq və vəzifələrini öyrənmələri ilə bağlı pulsuz kurs təşkil olunur. Azərbaycan dövləti əcnəbilərin olduqları ölkənin dilini öyrənməsi üçün yardımlarını əsirgəmir.

Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 10 il ötür. Miqrantlar üçün nəzərdə tutulan mərkəzin yaranma tarixi isə daha azdır. Amma buna baxmayaraq, mərkəz əməkdaşları deyir ki, beynəlxalq təşkilatlardan gələn nümayəndələr burada yaradılan şəratin onların gördüklərindən ən yaxşılarından olduğunu bildiriblər.

Hətta Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Svinq 2015-ci ilin sentyabrında Azərbaycanda səfərdə olarkən mərkəzdə yaradılan şəraitlə də tanış olub və burada gördüklərini dünya üçün yaxşı nümunə adlandırıb.

Beləcə mərkəzlə tanışlığımızı başa vururuq. İçimizdən gülən gözləri ilə bizi yolçu edən Aişənin timsalında Allahdan bütün yurd-yuvasını tərk etmək məcburiyyətində qalanlara yardım etməsini diləmək keçir.  

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi