Azad Rəhimov: "Hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik"

Azad Rəhimov: "Hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik" "Birgə qüvvələrimizi qoyaraq biz Gənclər Strategiyasını inkişaf etdirməliyik"
Sosial müdafiə
12 Aprel , 2016 18:07
Azad Rəhimov: Hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik

Bakı. 12 aprel. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti bu gündən Türkiyənin İstanbul şəhərində öz işinə başlayan İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) "İƏT Gənc liderlər Sammiti"nə qatılıb. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib.

Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıc, Malaziyanın gənclər və idman naziri Xairi Camaluddin, Birləşmiş Ərəb Əmirliklərinin gənclər və idman naziri Şamma Al Mazrim, Qambianın gənclər və idman naziri Mehdi Hassan və digər nazirlərin, eyni zamanada beynəlxalq təşkilatların nümayəndələri, islam ölkələrindən gənc liderlər, Nobel mükafatçıları və qonaqların qatıldığı tədbir 14-15 apreldə Türkiyə prezidenti Recep Tayyip Erdoğanın himayəsi altında keçiriləcək İslam Sammiti Konfransının 13-cü sessiyasının bir hissəsi kimi təşkil edilir.

Tədbirin birinci panel günü gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, ölkədə gənclər siyasəti sahəsində aparılan işlər, ölkənin 2/3 hissəsinin 30 yaşına qədər gənclərdən ibarət olması, “2005-2009”, “2011-2015-ci illər Azərbaycan gəncliyi Dövlət Proqram”ları çərçivəsində görülmüş işlər, yeni “2016-2020 Azərbaycan Gəncliyi Dövlət proqramında öz əksini tapmış və icrası nəzərdə tutulmuş tədbirlər, eyni zamanda “2015-2025-ci illəri əhatə edən “Gənclərin inkişafı üzrə Dövlət Strategiyası” haqqında məlumat verib.

Nazir, eyni zamanda ölkəmizin İslam ölkələri gənclərinin həmrəyliyinə, birgə fəaliyyətlərinə və tədbirlərinə daim dəstək verdiyini, İslam ölkələri Gənclər Forumunun təsis iclasının məhs Azərbaycanda keçirildiyini və dövlət başçısı İlham Əliyevin adı çəkilən təşkilatın mərkəzi qərargahının açılışında iştirak etdiyini və fəaliyyətini diqqətdə saxladığı barədə qonaqları məlumatlandırıb. 

Azad Rəhimov eyni zamanda, 2007-ci ildə Bakı şəhərində keçirilən "Gənclər Sivilizasialar arası alyans naminə" konfransının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın patronajı altında keçirildiyini vurğulayıb.

Nazir bu gün ölkədə 320 QHT fəaliyyət göstərdiyini, Azərbaycanın Türkiyə, Küveyt, Qətər, Mərakeş, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran , İraq və digər ölkələrlə gənclər sahəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. 

"Biz hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik. Biz İslamın sabahı haqqında düşünməliyik və məqsədlərimizə çatmaq üçün bu gün nələri ortaya qoyduğumuza diqqət verməliyik. Birgə qüvvələrimizi qoyaraq biz Gənclər Strategiyasını inkişaf etdirməliyik. Bu strategiya gənclərin arzu və istəklərinin üzərində qurulmalıdır", - deyə A. Rəhimov əlavə edib

Azad Rəhimovun çıxışının sonunda İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirilib.

Qeyd edək ki, Sammitin ikinci panelində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, 4-cü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev Bakı İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimatla çıxış edəcək.

Sammitin əsas təşkilatçısı "Dialoq və Əməkdaşlıq naminə İslam ölkələri Gənclər Forumu"dur.

Son xəbərlər

Orphus sistemi