Uşaqlara zorakılıqla bağlı hüquqi bazanın təkmilləşdirilməsi üçün sənədlər hazırlanır.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda deyib.
O, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada uşaqların, yetkinlik yaşına çatmayanların 20%-nin bullinqə məruz qaldığını və ya iştirakçısı olduğunu bildirib:
"UNICEF-in məlumatına görə hər dörd məktəblidən biri zorakılığa və ya təzyiqə məruz qalır".
A.Sofiyeva vurğulayıb ki, dövlət qurumları, təşkilatlar bunun qarşısının alınması, uşaqların müdafiəsi istiqamətində işlər görməlidir:
"Dövlət Komitəsi hüquqi bazanın təkmilləşdirilməsi üçün sənədlər hazırlayır. Bəzi layihələr hazırlanıb və qüvvəyə minib. Bəzilərinin üzərində iş gedir".