Bakı. 15 avqust. REPORT.AZ/ “Report” gözlərində fiziki qüsurla dünyaya gələn qızın həyat hekayətini təqdim edir:
14:30-da palatanın qapısı açıldı... Gözlərindəki həyəcan, narahatlıq sevinc duyğusu ilə əvəzləndi:
- Oğlandır, yoxsa qız?, - deyə Əhməd Abbasov soruşdu.
- Bilmirəm “muştuluğumu verin”i necə deyim, ilk övladınızdır özü də... Həm qızınız olub, həm də uşaq fiziki qüsurludur..., - tibb bacısı məyusluqla cavab verdi.
- Nəyi var ki?!
- Gözləri...
Tibb bacısı sözlərinin davamını gətirə bilmədi. İndicə ata olmuş Ə.Abbasovun isə müvəqqəti susqunluq aldı içini, sonra özünü toparladı. "Övlad Allahın verdiyi paydır, onu verən Allaha min şükür", - deyə cavab verdi.
Həyat yoldaşı dünyaya sağlamlıq imkanları məhdud qız övladı gətirmişdi, ətrafındakıların qız və oğlan övladı arasında seçim edib, üstünlüyü oğlana verdikləri halda, o, gözlərində qüsurla dünyaya gələn qızını bağrına basıb, ona övlad verdiyi üçün Allaha şükür edirdi... Bu hadisə 28 il əvvəl, 1989-cu ildə baş vermişdi...
Yazımın qəhrəmanı Qəmər Abbasova sağlamlıq imkanları məhdud şəkildə dünyaya gəlsə də, ailəsi ona “xoş gəldin” deyib, bağrına basıb, hər addımında dəstək olub. Qız övladının olmasına sevinməyən, onlardan imtina edən, hətta öldürən valideynlərin əksinə olaraq, Q.Abbasovanın ata-anası ona lazımi sevgini, bəlkə də daha artığını veriblər. Ailəsi həmişə ona dəstək olub, həmişə yanında olub... O deyir ki, “atam-anam təkcə ailəm deyil, həm də yaxşı görməyən gözlərimdir”.
Q.Abbasova ailənin böyük övladıdır, özündən kiçik qardaşı da var. Ailəsini çox sevir, anası isə onun üçün əvəzedilməzidir. Ailəsi ona o qədər böyük dəstək olub ki, Qəmər sağlamlıq imkanlarının məhdud olduğunu çox vaxt unudur. Anası Qəmərlə birgə onun həyatını yaşayıb, onunla yenidən addım atıb, dünyaya onun gözləri ilə baxıb, onun arzularının reallaşması üçün çalışıb. Q.Abbasova normal orta məktəbdə, sağlam uşaqlarla bir yerdə təhsil alıb. Qətiyyətli, həyatsevər, hər şeyə optimist yanaşan bu qız deyir ki, bütün çətinliklərə baxmayaraq, ailəsinin dəstəyi ilə hər bir çətinliyin öhdəsindən gəlməyi, həyata adaptasiya olmağı bacarıb.
Müsahibim orta məktəbdə çox yaxşı oxuyub, bütün fənlərdən “5” alıb, digər uşaqlardan geri qalmayıb, əksinə, sinif yoldaşları çox şeyi ondan soruşurmuş. Q.Abbasova orta məktəbi bitirəndən sonra bir çox abituriyent üçün arzu kimi qalan tələbə adını qazanıb, ali məktəbə daxil olub, Azərbaycan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimi ixtisası üzrə təhsil alıb. Amma institutu bitirəndən sonra iş tapa bilməyib. İşsiz qalmağı onun həyat sevgisini azaltmayıb, ailəsinin dəstək və məsləhəti ilə Q.Abbasova ikinci təhsil almaq barədə düşünüb və nəhayət, yeni peşə istiqamətinə üz tutub.
Təhsil sahəsindən səhiyyəyə üz tutan qəhrəmanım tibb kollecinə daxil olub və üç il orada oxuyub. Bu müddətdə isə təhsil almaqla paralel evdə fərdi şagird hazırlığı ilə məşğul olub. “Qazancımı ailəmlə bölüşürəm, ata-anama nəsə almağa çalışıram, axı onlar mənimçün çox şey edib, kaş onlarçün mən də nəsə edə biləm”, - deyir qəhrəmanım. Yəni insanın fiziki qüsurlu olması onun normal həyatdan uzaqlaşmasına səbəb deyil, istənilən halda həyata iki əllə tutuna bilərsən, təbii ki, dəstəklə, sevgi ilə, qayğı ilə...
Q.Abbasova tibb kollecini bitirəndən sonra dövlət tərəfindən işə təyinat alıb. Onunla danışan zaman sevincini hiss etməmək mümkün deyildi, onu ailəsi ilə birgə dövlətin də verdiyi dəstək çox sevindirmişdi, çox razı idi. “Payızdan etibarən işləməyə başlayacağam, indi iş tapmaq çox çətindir, bizim üçün daha çətindir. Mən çox çalışdım və Allah məni mükafatlandırdı”, - deyən müsahibimin sevinci yerə-göyə sığmırdı.
Sağlamlıq imkanları məhdud olan qadınlar da hamı kimi cəmiyyətdə bərabər imkanlardan istifadə etmək istəyirlər. Onlar da özlərini digər, normal insanlar kimi hiss etmək, onlara olan münasibəti görmək istəyirlər. Bu işdə əsas vəzifə yenə də cəmiyyətin üzərinə düşür.
Q.Abbasova həyata möhkəm tellərlə bağlanıb. Əvvəllər sağlamlığında olan problem ona maneə törətsə də, hazırda ciddi çətinlikləri yoxdur. "İnsan nələrə öyrəşmir?! Bir şeyi ürəkdən istəmək yetər ki, ona nail olasan. Düşünürəm ki, mən bundan sonra qarşılaşacağım çətinliklərin öhdəsindən gəlməyi də bacaracağam. Çünki istədiyim hər şey üçün çox çalışmışam və bacarmışam”, – deyir qəhrəmanım.
Sağlamlığında olan problem xırda hərfləri oxumaq, uzaqda olanları görmək, harasa getməkdə ona çətinlik yaradır, təbii ki, dəstəklə bunların da öhdəsindən gəlir. Dəstək tək əlilliyi olan insanların həyat əlifbasının ilk sözü deyil, elə normal insanlar da dəstəksiz, sevgisiz yaşaya bilməzlər. Söhbət mənəvi dəyər, dəstəkdən gedir... Bir-birimizi qoruyaq, sevək, dəstək olaq, dəyərimizi bilək...
P.S. Yazıdakı adlar şərtidir.
Bu yazı Niderland Krallığı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin (UNFPA Azerbaijan) icra etdiyi “Uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması” adlı pilot layihəsi çərçivəsində müsabiqəyə təqdim olunur.