Bakıda təşkil olunan “Müasir idarəetməyə gedən yol: Dayanıqlı və innovativ Dövlət xidmətlərinə doğru” adlı beynəlxalq Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Dövlət İdarəçiliyi üzrə Afrika Assosiasiyası (AAPAM) arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Report” xəbər verir ki, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət İdarəçiliyi üzrə Afrika Assosiasiyasının Baş katibi Corc Skot imzalayıblar.
Memorandumun məqsədi dövlət xidmətləri sahəsində qabaqcıl təcrübələrin təşviqi istiqamətində tərəflər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, eləcə də ölkəmizin “ASAN xidmət” təcrübəsinin Afrika dövlətlərində təbliğinin genişləndirilməsidir.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin tabeliyində olan “Yaşnabad” İnnovativ Texnoparkı dövlət unitar müəssisəsi arasında inkubasiya və akselerasiya sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi “İnnovasiyalar Mərkəzi” nin direktoru Vüsal Rüstəmov və “Yaşnabad” İnnovativ Texnoparkının direktoru Şakhobjon Şərifov imzalayıblar.
Məqsəd tərəflər arasında müvafiq sahələr üzrə birgə layihələrin, tədbirlərin həyata keçirilməsi, eləcə də inkubasiya proqramlarının icra edilməsi və inkişafı üzrə təcrübələrin paylaşılmasıdır.