"ASAN xidmət" Binəqədi və Xətaidə yanan binaların sakinlərini sənədlərlə təmin edib

"ASAN xidmət" Binəqədi və Xətaidə yanan binaların sakinlərini sənədlərlə təmin edib Şöbə müdirinin müavini: "Yanan bina sakinlərinin müraciətləri tam təmin olunub"
Sosial müdafiə
30 İyun , 2015 14:33
ASAN xidmət Binəqədi və Xətaidə yanan binaların sakinlərini sənədlərlə təmin edib

Bakı. 30 iyun. REPORT.AZ/ "Səyyar ASAN xidmət Binəqədi və Xətai rayonunda yanğın baş verən binaların sakinlərinin yanmış və korlanmış sənədlərlə bağlı müraciətlərini tam təmin edib".

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Səyyar "ASAN xidmət" vasitəsi ilə mayın 22-dən 31-nə kimi, Binəqədi rayonunda yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanan və ya korlanan sakinlərə xidmət göstərilib: "Bu müddət ərzində 56 ailənin 179 üzvünün ümumilikdə 268 müraciəti qeydə alınıb". 

A.Hüseynovun sözlərinə görə, xidmətlər əsasən notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, eləcə də Vergilər, Daxili İşlər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti ilə bağlı olub.

Şöbə müdiri deyib ki, bundan başqa Səyyar "ASAN xidmət" iyunun 3-dən 7-dək Xətai rayonunda yanğın baş verən binanın sakinlərinə xidmət göstərib: "Həmin binanın sakini olan 60 ailənin 263 üzvünün ümumilikdə 228 müraciət qeydə alınıb".

A.Hüseynov bildirib ki, hər iki yanan binanın sakinlərinin müraciətləri tam təmin olunub.

Xatırladaq ki, mayın 19-da Binəqədi rayonu Azadlıq prospektindəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50 nəfər isə zəhərlənib, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanalara yerləşdirilib. 

Aprelin 10-da Xətaidə yerləşən yaşayış binasında baş verən yanğında isə insan tələfatı olmamışdı. 

Son xəbərlər

Orphus sistemi