​"ASAN Könüllüləri"nin “Həmrəylik düşərgəsi” layihəsi davam edir

​"ASAN Könüllüləri"nin “Həmrəylik düşərgəsi” layihəsi davam edir Layihə iyulun 26-dək davam edəcək
Sosial müdafiə
23 İyul , 2016 17:45
​ASAN Könüllülərinin “Həmrəylik düşərgəsi” layihəsi davam edir

Bakı. 23 iyul. REPORT.AZ/ “ASAN Könüllüləri” Təşkilatı, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun dəstəyi ilə baş tutan “Həmrəylik düşərgəsi” layihəsi davam edir.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Lahıcda keçirilən “Həmrəylik düşərgəsi” layihəsi üzrə 60 könüllü artıq dördüncü gündür hərbi çadırlarda yaşayırlar. Layihə iştirakçıları hərbi qaydalara uyğun səhər saat 06:00-da “Qalx” komandası ilə oyanıb, qidalanma və digər işlərini də hərbi qaydada həyata keçirirlər.

Layihə müddətində Lahıcda bir sıra təlimlər və sosial aksiyalar keçirilib. Könüllülər əməyin təhlükəsizliyi, tibb, yanğınsöndürmənin əsasları və s. haqqında təlimlərdə, həmçinin rəqs dərslərində iştirak ediblər.

Lahıcda boyama işlərinin aparılması isə sosial aksiyalardan biri olub. Belə ki, iştirakçılar qəsəbədə yerləşən bir sıra boyanmağa ehtiyacı olan tikililəri, sakinlərə məxsus evlərin qapılarını rəngləyib, kənd sakinlərinə müxtəlif məişət işlərində kömək ediblər.

Sosial aksiyalardan biri də “Dərman bitkilərinin toplanması” prosesi olub. Layihə iştirakçıları Lahıc qəsəbəsində əvvəlcədən müəyyən olunmuş ərazilərdən tibb və təbabətdə istifadə olunan dərman bitkilərini toplayıblar.

Eyni zamanda, baş tutan tədbirlərdən biri də “ASAN məktub”ların paylanılmasıdır. Belə ki, “ASAN məktub” vasitəsilə məktub göndərmiş Lahıc qəsəbəsinin azyaşlı sakinlərinə hədiyyələri çatdırılıb. Öz hədiyyələrinə qovuşan uşaqlar daha sonra "Həmrəylik düşərgəsi" ilə də tanış olublar.

Bundan başqa, "ASAN Könüllüləri" və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Lahıcda yaşayan şəhid ailələrinə baş çəkərək onlara müxtəlif hədiyyələr veriblər.

Düşərgə zamanı həmçinin dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub. Artıq belə görüşlərdən biri baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev düşərgə iştirakçıları ilə görüşüb, gəncləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Həmrəylik düşərgəsi” layihəsi iyulun 26-dək davam edəcək. Layihənin davam etdiyi müddətdə bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi