ASAN-ın yeni rəhbəri: “İnsanlarımızın tələblərinə daha çox cavab verməyə çalışacağıq” - MÜSAHİBƏ

ASAN-ın yeni rəhbəri: “İnsanlarımızın tələblərinə daha çox cavab verməyə çalışacağıq” - MÜSAHİBƏ Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Sədri Ülvi Mehdiyevin “Report” İnformasiya Agentliyinə müsahibəsi:
Sosial müdafiə
3 May , 2018 09:29
ASAN-ın yeni rəhbəri: “İnsanlarımızın tələblərinə daha çox cavab verməyə çalışacağıq” - MÜSAHİBƏ
“ASAN xidmət” sədri Ülvi Mehdiyev / Report/ Elchin Murad

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Sədri Ülvi Mehdiyevin “Report” İnformasiya Agentliyinə müsahibəsi:

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) təqdim etdiyi xidmətlər ilə bağlı hansısa yeniliklər gözlənilirmi?

- “ASAN xidmət” mərkəzlərində 10 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 250-dən çox müxtəlif xidmətlər göstərilir. Yəni, vətəndaşlar eyni vaxtda 250-dən çox xidmət ala bilirlər. Yeni xidmətlərin əlavə edilməsi məsələsinə gəlincə, hər bir yeni dövlət xidməti cənab Prezidentin fərmanı ilə siyahıya əlavə olunur.

Hazırda gündəmdə hansısa yeni dövlət orqanının xidmətinin siyahıya əlavə olunması ilə bağlı məsələ yoxdur. Son dövrlər əlavə olunan yeni xidmətlər daha çox özəl sahəyə aiddir. Onu qeyd edim ki, yaxın müddətdə Qida Təhlükəsizliyi Agentliyinin də bir sıra xidmətləri “ASAN xidmət” mərkəzlərinda göstərilməyə başlayacaq. Bununla bağlı agentliklə qarşılıqlı işləyirik.

- Siz sədr təyin olunandan sonra Dövlət Agentliyinin ümumi fəaliyyətində, siyasətində dəyişiklik olacaqmı?

- Mən indiyə qədər də bu Dövlət Agentliyində işləmişəm, yəni, kənardan gəlməmişəm. Cənab Prezident Dövlət Agentliyi yarandığı gündən agentliyin qarşısına çox ciddi tapşırıqlar qoyub. Bu tapşırıqların icrası üçün harda idiksə, ordan da davam edəcəyik.

Yeniliklərə gəlincə, Prezident İlham Əliyev bu il mart ayının 14-də "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" fərman imzaladı. Fərmanda bildirilir ki, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədi ilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir və bütün bu məsələlər Dövlət Agentliyinə tapşırılıb. Bu bizim qarşımızda yeni bir işdir və böyük işdir, hansı ki, həm dövlətimiz üçün, həm hər bir vətəndaşımız üçün yenə də şəffaf, operativ xidmətlərin təşkil olunmasına çox böyük bir fayda verəcək. Bu gün “ASAN xidmət”də vətəndaşlara göstərilən xidmətləri agentlik tədricən elektronlaşdıracaq və elə bir zaman gələcək ki, insanlar artıq “ASAN xidmət” mərkəzlərinə müraciət etməyəcəklər, öz ofislərindən, evlərindən kompüter vasitəsi ilə xidmətlərdən yararlana biləcəklər. Bunu "ASAN 2.0" konsepsiyası adlandırırıq. Yeniliklərimiz bu istiqamətdədir. Necə ki, “ASAN xidmət” yarandı və dərhal hər kəs effektini hiss etdi, o cümlədən “elektron hökumət” də işə düşəndən dərhal sonra hər kəs faydasını hiss edəcək.

Hazırda ölkə ərazisində 13 “ASAN xidmət” mərkəzi var, onların 8-i Bakıda, 5-i regionlardadır. Prezident İlham Əliyevin tapşırığı ilə “ASAN Xidmət” bütün ölkəni əhatə etməlidir. Bu ilin payız aylarında Şəki və İmişlidə yeni “ASAN xidmət” mərkəzlərinin açılışı həyata keçiriləcək. Növbəti il isə daha 5 yeni mərkəzin - Tovuz, Ağcəbədi, Kürdəmir, Şamaxı və Cəlilabadda - tikintisinə başlanılacaq.

- Dövlət Agentliyi tərəfindən kadr seçimində nələrə üstünlük verilir? Sizin sədr təyin olunmağınızdan sonra Dövlət Agentliyində köklü kadr dəyişiklikləri gözlənilirmi?

- Dövlət Agentliyində dövlət qulluğuna qəbul vasitəsi ilə işçi götürülür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işəgötürmənin özünəməxsus prosedurları var. Hər bir dövlət orqanında olduğu kimi bizdə də əlbəttə, bilik və savad, məsuliyyət, nizam-intizam, dövlətə və dövlətçiliyə səadaqət əsas meyarlardır.

Bu günə kimi 15 minə yaxın gənc “ASAN xidmət” mərkəzlərində könüllü olub, onlardan 800-ə yaxınını biz və bizim əməkdaşlıq etdiyimiz olan özəl şirkətlər və dövlət qurumları işə götürüb. Könlüllü olmaq çətin prosesdir. Hər bir “ASAN xidmət” mərkəzi gün ərzində 2000-2500-ə yaxın vətəndaş qəbul edir. Müraciət edən vətəndaşların arasında müxtəlif xarakterli şəxslər olur. Könüllülər burada işləməklə hər bir psixoloji fərdlə ünsiyyət qurma təcrübəsi əldə edir, həmçinin dövlət orqanlarının kərgüzarlıq işini, işin qaydasını, daxili nizam-intizamı öyrənir. Bu da onlara gələcək üçün lazımi təcrübə qazandırır. Biz könüllülərimizin daha sonra işlə təmin olunmasına çalışırıq.

- “ASAN Visa” sistemindəki yeniliklər nədən ibarətdir? Azərbaycan vətəndaşlarına “ASAN Visa” verilməsinə nə vaxtdan başlanılacaq?

- “ASAN Visa” sistemi cənab Prezidentin tapşırığı ilə yaradılıb. Bu sistemin yaradılmasında əsas məqsəd əcnəbilərə qısa müddətdə operativ və şəffaf qaydada vizaların verilməsidir. Bu gün əcnəbilər Azərbaycana gəlmək üçün 3 saat ərzində viza ala bilirlər. “ASAN Visa1”əcnəbilərin məmnunluğunu təmin etmək üçün yaradılmışdı. “ASAN Visa2”i isə Azərbaycan vətəndaşlarına qısa müddətdə viza verilməsi üçün nəzərdə tutulub. “ASAN Visa2” sisteminin tam işə düşməsi tək bizdən asılı deyil. Gərək Azərbaycanda fəaliyyət göstərən səfirliklər də sistemə qoşulsun. Agentlik hazırda səfirliklərlə danışıqlar aparır, xüsusi ilə də Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələrinin səfirliklərini sistemə cəlb etməyə çalışırıq. Hazırda Avropa ölkələrin səfirilikləri ilə danışıqlar aparılır. Hədəfimiz odur ki, bu il ərzində ən azı 1 və ya 2 ölkəni sistemə qoşaq və pilot layihə formasında işə başlayaq. Növbəti illərdə isə bütün səfiriliklərin bu sistemə cəlb edilməsinə çalışacağıq.

- Dövlət orqanlarının xidmətlərinin qiymətləndirilməsi işində hansı yeniliklər gözlənilir?

- Cənab Prezidentin “ASAN xidmət” standartlarının bütün digər - “ASAN xidmət”ə aid olmayan xidmətlərə də tətbiq olunması ilə bağlı fərman imzalayıb. Bu fərmana uyğun dolaraq Dövlət Agentliyinə tapşırıq verilib ki, bütün dövlət xidmətləri “ASAN xidmət indeksi” üzrə qiymətləndirilsin. Konkret meyarlar müəyyən olunub, “ASAN xidmət indeksi”nin qiymətləndirmə qaydaları artıq təsdiq olunub. Qaydaların içərisində 100-dən çox qiymətləndirmə meyarı var. Hər bir xidmət hər bir meyar üzrə qiymətləndirilir. Yekunda bizə aydın olur ki, hansı xidmətlər təkrardır, yəni bu xidmətlərin yalnız biri kifayət edir, qalanlarına ehtiyac yoxdur. Biz həmçinin müəyyənləşdiririk ki, hansı xidmətlərə standart sənədlər tələb olunur, hansı ki, bu sənədləri daha da yüngülləşdirmək, sayını azaltmaq olar. Yəni 5 yox, 2 sənəd tələb etməklə xidmət göstərilə bilər. Yaxud, müəyyən edirik ki, hansısa xidmətin göstərilməsi üçün bir ay vaxt nəzərdə tutulub, amma bu xidməti üç günə də göstərmək olar. Qiymətləndirmə nəticəsində bir çox bu cür təkliflər ortaya çıxır. Keçən il pilot layihə olaraq, “ASAN xidmət”də olan dövlət orqanlarının xidmətlərini qiymətləndirdik. Hazırda bu istiqamətdə işimizi davam etdiririk.

“ASAN xidmət indeksi”ni təşkil edən 40-a yaxın dövlət qurumunun 600-dən çox xidmətini qiymətləndirəcəyik. Yekunda hesabat mətbuata açıqlanacaq.

- “ABAD” mərkəzləri vasitəsi ilə bu günədək nə qədər məhsul satılıb?

- “ABAD” publik hüquqi şəxsi Prezident İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.

“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.

Bu günə qədər 235 “ABAD”çı var və 5 mindən çox çeşiddə mal satılıb. “ABAD” bir il yarımdır fəaliyyət göstərir, ümumi 600 min manatdan yuxarı dövriyyəsi olub.

Bir neçə yerdə “ABAD” sərgi-satış mərkəzi fəaliyyət göstərir. Hazırda Bakıda yerləşən “Four Seasons” otelində “ABAD” sərgi-satış mərkəzinin qurulması üçün işlər görülür. Çünkü “ABAD”da daha çox turistlərin maraq darəsində olan məhsullar satılır. Biz də çalışırıq ki, turuistlərin çox olduğu yerlərdə “ABAD” sərgi mərkəklər təşkil edək. Otellərdə sərgi mərkəzlərinin qurulması işi də davam etdiriləcək.

- Bakıda daha neçə “ASAN Kommunal” Mərkəzinin açılması nəzərdə tutulur? Regionlarda da “ASAN Kommunal” Mərkəzlərinin açılması planlaşdırılırmı?

- Regionlarda olan bütün “ASAN xidmət” mərkəzlərinin bir hissəsini “ASAN Kommunal” əhatə edir. Bakıda isə ayrıca iki mərkəz istifadəyə verilib. Bakıda üçüncü “ASAN Kommunal”ın mərkəzinin açılması da nəzərdə tutulur, çünki insanlar mərkəzlərə kifayət qədər çox müraciət edir, növbələr yaranır.

- Agentliyə vətəndaşlar tərəfindən şikayətlər daxil olurmu?

- Təbii ki, olur. Agentliyə daxil olan hər bir şikayətə obyektiv yanaşılır. Hər bir şikayət bizim üçün bir çağırışdır. Deməli, vətəndaşlarımızın tələbatı artıb. Biz gələcəkdə çalışacağıq ki, insanlarımızın tələblərinə daha çox cavab verək. Çalışırıq ki, gələcək planlarımızı şikayətləri nəzərə alaraq quraq.

Son xəbərlər

Orphus sistemi