“Aktiv məşğulluq tədbirlərinin bütövlükdə Naxçıvanda da tətbiqi və genişləndirilməsi qarşıda duran əsas hədəflərimizdən biridir”
“Report”un Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvanda keçirilən Karyera Forumunda jurnalistlərə müsahibə verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Karyera Forumu həyata keçirilir: "Karyera Forumunun keçirilməsinin məqsədi dövlət orqanlarını, işə götürənləri bir yerə yığmaq, əmək bazarında olan çağırışlara uyğun olaraq qarşıda duran vəzifələrin müzakirəsindən ibarətdir. Eyni zamanda, müzakirələr çərçivəsində ölkə başçısı tərəfindən təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” ilə də qarşıya qoyulmuş sosial məsələlərin həlli ilə bağlı da geniş müzakirələr aparılır. Naxçıvan Muxtar Respublikasında aktiv məşğulluq tədbirlərinin tətbiqin genişləndirilməsi, dəstəklənməsi, sosial məsələlərin həllində elektronlaşmanın tətbiqi, eyni zamanda muxtar respublikada sosial sahədə göstərilən xidmətlərin təkmilləşdirilməsi məsələləri geniş müzakirə olunur. Hesab edirəm ki, bu görüş ölkə başçısı tərəfindən qarşımıza qoyulan məşğulluq məsələlərinin həlli, əhalinin gəlirlərinin artırılması, işsizlik səviyyəsinin azaldılması kimi mövzuları əhatə edəcək. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında insan kapitalının inkişafı, işçilərlə işə götürənlər arasında münasibətlərin daha səmərəli qurulması, yüksək əməkhaqqılı iş yerlərinin yaradılması kimi məsələlər də forumun panel iclaslarında müzakirə olunacaq".
Anar Əliyev, həmçinin qeyd edib ki, Naxçıvanda işsiz şəxslərin özünəməşğulluq proqramına cəlb olunması, bu proqramın əhatə dairəsinin artırılması əsas ana həfələrdən biridir. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında əmək və məşğulluq alt sisteminin tətbiq olunması, məğulluq sahəsində göstərilən xidmətlərin tam şəkildə elektronlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.