Almaniya indiyə kimi Ukraynadan gələn 1,1 milyon insana sığınacaq verib.
Almaniya Federal Statistika İdarəsindən “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, indiyə kimi Ukraynadan Almaniyaya təxminən 1,1 milyon qadın, uşaq və kişi gəlib. İnsanların üçdə ikisi 2022-ci ilin martından may ayına, yəni Rusiyanın hücumundan sonra ilk üç ayda Almaniyaya mühacirət ediblər.
Ukrayna 1,1 milyon insanın gəlişi ilə Almaniyanın xarici icmaları siyahısında ikinci yerə yüksəlib. Siyahının başında Türkiyə qərarlaşıb.
Federal İdarədən bildirilib ki, 2022-ci ildə Almaniyaya immiqrasiya edən ukraynalıların sayı 2014-2016-cı illər arasında Suriya, Əfqanıstan və İraqdan gələn mühacirlərin cəmindən çox olub.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən isə bildirilib ki, müdafiə üçün müraciət edən hər on nəfərdən səkkizi Ukraynadandır.
Onlar dərhal müvəqqəti müdafiə alıblar və sığınacaq prosedurundan keçməyiblər.