​Almaniya təşkilatı jurnalistlər arasında müsabiqə elan edib

​Almaniya təşkilatı jurnalistlər arasında müsabiqə elan edib Jurnalistlər müsabiqəyə mayın 4-dən iyunun 15-dək qatıla bilərlər
Sosial müdafiə
4 May , 2016 16:56
​Almaniya təşkilatı jurnalistlər arasında müsabiqə elan edib

Bakı. 4 may. REPORT.AZ/ Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında “Əmək hüququ: qanunvericilik və təcrübə” mövzusunda müsabiqə elan edib.

Cəmiyyətdən “Report”a bildirilib ki, müsabiqəyə əmək münasibətləri və əmək hüquqlarına həsr olunan məqalələr, o cümlədən əmək münasibətlərinin tənzimlənməsinin əsasları, əmək münasibətlərini tənzimləyən qanunvericilikdə olan boşluq və ziddiyyətlər, qanunvericiliyin tətbiqində mövcud olan problemlər, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, işçilərə ədalətli, əlverişli əmək şəraitinin yaradılmasının vəziyyəti, əməyin mühafizəsi, işçilərin bədbəxt hadisələr, peşə xəstəliklərindən icbari sığortası ilə bağlı vəziyyət və s. araşdırma yazılar təqdim edilə bilər. Eyni zamanda müsabiqəyə işçilərin müəyyən edilən müddətlərdən artıq işlərə cəlbi, istirahət hüququnun təmin olunması, qadınların, uşaqların əmək bazarında iştirakı, əmək münasibətlərinin gender aspektləri, işəgötürən və işçilərin qarşılıqlı məsuliyyəti, bu sahədə olan problemlərə həsr olunan yazılar təqdim oluna bilər.

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilən münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və pul mükafatları (birinci yer - 500 manat, ikinci yer – 400 manat, üçüncü yer – 300 manat) ilə təltif olunacaqlar.

Jurnalistlər müsabiqəyə mayın 4-dən iyunun 15-dək mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Müsabiqəyə bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. İştirak etmək istəyənlər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

Müsabiqəyə müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilən məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

Son xəbərlər

Orphus sistemi