Ali Məhkəmənin hakimi: "Boşanma zamanı əsas məsələ uşaqların üstün mənafeyinin təmin olunmasıdır"

Ali Məhkəmənin hakimi: "Boşanma zamanı əsas məsələ uşaqların üstün mənafeyinin təmin olunmasıdır" "Aliment məsələlərində fikir ayrılıqları ortaya çıxır"
Sosial müdafiə
6 May , 2016 09:53
Ali Məhkəmənin hakimi: Boşanma zamanı əsas məsələ uşaqların üstün mənafeyinin təmin olunmasıdır

Bakı. 6 may. REPORT.AZ/ "Son 15-20 il ərzində Azərbaycanda nikahların pozulması ilə bağlı ənənə ailənin möhkəmliyi xüsusiyyətlərinə bir qədər cavab vermir. Yəni, cəmiyyətdə get-gedə nikahların pozulması halları artır ki, bu da istər-istəməz məhkəmə mübahisələrinə gətirib çıxarır".

"Report"un xəbərinə görə, bunu Ali Məhkəməsinin hakimi Vafəddin İbayev Milli Məclisdə Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Hakimin sözlərinə görə, nikahın pozulması təkcə ər-arvad arasında münasibətlərə deyil, eləcə də cəmiyyətdə, hətta dövlətdə bəzi məsələlərə də öz təsirini göstərir: "İlkin olaraq uşaqların taleyində müəyyən problemlər yaşanır. Misal olaraq, aliment məsələlərində fikir ayrılıqları ortaya çıxır.

Sovetlər dövründə alimentlərlə bağlı məhkəmə qətnamələrinin dərhal icraya yönəldilməsini nəzərdə tutan norma vardı. Ancaq son illərə kimi birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə aliment məsələsi ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da haradasa ən azı 6-7 ay çəkirdi. Bu müddətdə də uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı, bundan da ilk növbədə uşaqlar əziyyət çəkməli olurdu. Ona görə Ali Məhkəmənin Plenumu belə bir təkliflə çıxış etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Yəni, bundan sonra tərəflər yenidən yuxarı instansiya məhkəmələrinə müraciət edə bilərlər".

V. İbayev onu da qeyd edib ki, məhkəmələr boşanma zamanı tərəflərin hər ikisinin iştirakının təmin olunmasına zəmin yaratmalıdır: "Əsas diqqət olunmalı məsələ nikah pozularkən uşaqların üstün mənafeyinin təmin olunmasıdır. Yəni, valideynlərin arzusundan asılı olmayaraq uşağın kimin yanında qalması, alimentin miqdarının müəyyən edilməsi hallarında əsas uşaqların bütün mənafeyinə diqqət yetirilməsi vacib götürüləcək". 

Son xəbərlər

Orphus sistemi