“Ailə sirləri yayılandan sonra tərəflər barışmaq istəmirlər” - AKTUAL PROBLEM

“Ailə sirləri yayılandan sonra tərəflər barışmaq istəmirlər” - AKTUAL PROBLEM Bu gün Beynəlxalq Ailə Günüdür
Sosial müdafiə
15 May , 2017 10:20
“Ailə sirləri yayılandan sonra tərəflər barışmaq istəmirlər” - AKTUAL PROBLEM

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Beynəlxalq Ailə Günüdür. Ailə məfhumu təsəvvürdə bütövlüyü, gücü, bir-birinin qayğılarını bölüşən insanların birliyini, səmimi münasibətini yaradır. Tərəflərin birlikdə problemlərə, çətinliklərə, itkilərə davam gətirməsi daha asan olur. Təəssüf ki, bəzən əksinə də olur, ailələr dağılır, övladlar ortada qalır, qadın və kişinin həyatında travma yaşanır. Mütəxəssislər isə qloballaşmanın ailə məfhumu haqqında yeni formalar ortaya qoyduğunu hesab edirlər. Ailə üzvlərinin sayının azalması, tərəflərin nikaha daxil olmadan birlikdə yaşaması və s. Bu gün Azərbaycanda ailələrdə baş verən ən ciddi problemlərin başında zorakılıq halları dayanır. Dünyada gender bərabərliyinin təbliği, bu sahədə qanunların tətbiqi bəzi Avropa ölkələrində kişilərin daha çox zorakılığa məruz qalmasına səbəb olsa da, ölkəmizdə bu problemdən hələlik qadınlar daha çox əziyyət çəkir. 

Ailələrdə qadınlar zorakılıq hallarına dözmək istəmir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report"a bildirib ki, bu gün Azərbaycanda boşanmaların əsas səbəbi ailədaxili məişət zorakılığı hallarının çox olmasıdır: "Ailələrdə qadınlar zorakılıq hallarına dözmək istəmirlər və öz hüquqlarından istifadə edirlər. Ailədə iqtisadi vəziyyətin dəyişməsi də boşanmaya səbəb ola bilir. Hətta ailə üzvlərindən birinin işini itirməsi də birbaşa ailəyə təsir göstərir".

Onun sözlərinə görə, rəsmi müraciətlərdə boşanmaya əsas səbəb kimi xasiyyətlərin bir-birinə uyğun olmadığı göstərilir: "Dövlət Komitəsinə gələn müraciətlərdə boşanmaya əsas səbəb kimi xasiyyətlərin uyğunsuzluğu göstərilir. İkinci səbəb kimi alkoqollu içkilərə, narkotiklərə aludəçilik, sonsuzluq kimi məsələlər qeyd edilir. Amma tədqiqatlarımıza əsasən məişət zorakılığı boşanma səbəbi kimi birinci yerdə durur. Ailələrin əksəriyyəti problemin mahiyyətini gizlərdirlər. Qurbanlar da bunu açmırlar, məhkəməyə müraciət edib boşanırlar".

Dövlət Komitəsinin rəsmisi deyib ki, hazırda ailənin strukturunun dəyişilməsi prosesi gedir: "Bunun da boşanmalara təsiri olur. 2003-cü ildə aparılan tədqiqatlar ailələrin 70 faizə yaxınının nənə-baba ilə birlikdə yaşadıqlarını göstərir. Hazırda vəziyyət dəyişib və ailədə gəncləşmə mexanizmi gedir. Ailə strukturu dəyişir. Valideynlərlə, uşaqlarla yeni münasibətlərin formalaşması prosesi gedir. Cəmiyyət qloballaşma prosesində digər mexanizmlərə uyğunlaşır. Bu hal ailə mexanizminə zərər vurur, amma eyni zamanda qadının zorakılıq olmayan mühitdə yaşamasına imkan verir. Biz burada bir tərəfdən qazanırıqsa, digər tərəfdən itirməyə hazır olmalıyıq".

"Qadınlara qarşı zorakılıq halları ilə mübarizə aparılması ödənişli olmalıdır"

E.Səfərov qeyd edib ki, Dövlət Komitəsi ailənin sosial institut kimi yaşamasını müdafiə edən siyasət aparır: "Ailədə zorakılıq hallarının törədilməsi faktları ailə institutunun qorunmasına zərər vuracaq. Əvvəllər zorakılıq faktları olsa da, dözümlülük var idi. Zorakılıq faktları artmayıb, hətta bəlkə də azalıb. Sadəcə indi Cinayət Məcəlləsinin maddələri işləyir. Qanunu pozanlar cərimə olunur, məsuliyyətə cəlb olunur. Bu da avtomatik olaraq zorakılıq halının qarşısının alınmasına səbəb olur. Görülən tədbirlərə baxmayaraq,  ortaya çıxan zorakılıq faktları, problemlər qurbanın zorakılığa məruz qaldığını gizlətməsi nəticəsində yaranır. Mərkəzi icra hakimiyyəti orqanlarındakı monitorinq komissiyaları zorakılıq hallarının qarşısını almaq üçün ictimai əsaslarla deyil, ödənişli şəkildə fəaliyyət göstərsələr, daha effektiv nəticə əldə etmək mümkündür. Məişət zorakılığı, gender əsaslı zorakılıq ailəyə təsir göstərən əsas amildir. Bu gün Azərbaycan ailəsini qorumaq üçün təhdidlərin qarşısını ala bilmək üçün vaxtında addımlar atılmalıdır. Qadınlara qarşı zorakılıq halları ilə mübarizə aparılması ödənişli olmalıdır. Bu iş ictimai əsaslarla olduğu müddətdə effektiv olmayacaq".

Azərbaycanda məişət zorakılğı ilə bağlı Tədbirlər Planı layihəsi hazırlanır

Dövlət Komitəsinin rəsmisi vurğulayıb ki, məişət zorakılğı ilə bağlı Tədbirlər Planı layihəsi hazırlanır: "Milli Fəaliyyət Planının bu ilin sonuna kimi qəbul edilməsini gözləyirik. Tədbirlər Planı bu il qəbul olunsa, 2018-ci ildə icrasına başlanılacaq. Buna nail olsaq, məişət zorakılığına qarşı preventiv tədbirlərin sayı çoxalar, yeni mexanizmlərin tətbiqi, olanların təkmilləşdirilməsi prosesi gedər. Məişət zorakılığı ilə bağlı hər il 800-900 cinayət işinin olması bu sahədə problemin aktuallığını göstərir. Azərbaycan ailəsinə xaricdən təhdidlər çoxalır. Bizdə seçim kimi boşanma yox idi. Amma bu gün boşanma seçimə çevrilib. Bir tərəfdən qadın öz seçim hüququnu bilir, digər tərəfdən boşanma sayı artır. Hesab edirəm ki, müəyyən müddətdən sonra boşanmanın faizi bir az aşağı düşəcək və stabil olacaq. Hazırda bu sahədə keçid dövrünü müşahidə edirik. Qarşıdan gələn bir neçə ildə də boşanmaların sayı artacaq. 2006-cı ildə boşanmanın faiz dərəcəsi 6 mindən 9-12 minə çatdı. 2007-2010-cu illərdə eyni rəqəmlər izlənildi. Ondan sonra yüksəlməyə başladı. Vətəndaşların öz hüquqlarını öyrənməsi mərhələsində artım olacaq. Daha sonra stabilləşmə dövrü başlayacaq. Bu gün Azərbaycanda boşanmaların 20 faizdən çox olması qəbuledilməzdir. Bu ilin birinci rübündə bu hal müşahidə olunur". 

Allahın qüdrət nişanəsi sayılan ailə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Allahın qüdrət nişanələrindən birinin də ailə olduğunu söyləyib: "Ailə qurmağın Allahın nişanələrindən biri olduğu "Quran" kitabında da var. Yəni müxtəlif təbiətli insanların bir-biri ilə yaxınlaşması, aralarında məhəbbətin, səmimiyyətin yaranması, müştərək həyat qurması Allahın nişanələrindən biri kimi təqdim olunur. Uca Yaradan bu məhəbbəti qəlblərə salır və ailə bunun əsasında qurulur. İslam nöqteyi-nəzərindən ailə fədakarlıq əsasında qurulmalıdır".

İslamın boşanmaya baxışı mənfidir

Onun sözlərinə görə, bu gün boşanmaların sayının artmasının əsas səbəbi gənclərin bir qismində ailə haqqında düzgün təsəvvürün olmamasıdır: "İndi ailə quran fərdlərin hər biri qarşı tərəfdən nə isə tələb edir. Amma ailə quran insan nə əldə edəcəyini deyil, qarşı tərəfə nə bəxş edəcəyini düşünməlidir. Bu, İslamda ən önəmli məsələlərdən biridir. Ailə həm də insanın kamilliyə, mənəvi təkamülə çatması üçün vasitədir. Əslində, insanlar bir-birinin zəif cəhətlərinə dözməklə, səbr etməklə mənəvi baxımdan kamilləşməlidir. Amma günümüzdə bəziləri ailəyə eqoist yanaşır. Qarşı tərəfin öz istəklərinə tam uyğun olmasını istəyirlər. Ailə qurularkən maddi amillər qabardılır. İslamın boşanmaya baxışı mənfidir. Hətta hədislərdə də var ki, iki nəfər boşananda Allahın ərşi titrəyir, yəni Uca Yaradanın qəzəbinə səbəb olur. Ailə institutunun qorunması Allah qarşısında insanların bir vəzifəsidir. Boşanmalar bir xalqa yaxşı heç nə vəd etmir. Ailə dağıldıqda övladlar başsız qalır, bu da gələcəkdə digər fəsadlara yol açır".

İslamda tanışlıqla bağlı konkret zaman məhdudiyyəti təyin edilməyib

Ş.Həsənli ailələrin dağılmasında iki gəncin tanışlıq müddətinin az olmasını ciddi amil kimi görmədiyini bildirib: "İslamda tanışılıqla bağlı konkret zaman məhdudiyyəti təyin edilməyib. Tanışlıq müddətinin olması yaxşıdır. Amma problemin kökünü bunda görmürəm. Tanışlıq müddəti keçmişdə daha az olub. Amma ailələr daha möhkəm olub. Doğrudur, ailə qurularkən İslam onların arasında ünsiyyətin olmasını təşviq edir. Amma əsasən gənclərin ailə haqqında düşüncələrini islah etməliyik. Yenə qeyd edirəm, ailə mənfəət yox, fədakarlıq əsasında qurulmalıdır. İslam buyurur ki, qadınlar Allahın kişilərə əmanətidir və onlar qadınların hüquqlarını qorumalıdır. Qadın da həyat yoldaşına hörmət və ehtiram göstərməlidir. Hesab edirəm ki, cəmiyyətdə ailə dəyərləri ilə bağlı maarifləndirmə aparılmalı, ailənin mahiyyəti haqqında gənclərə düzgün məlumat verilməlidir. Məscidlərdə də ailə dəyərləri ilə bağlı məlumat verilməlidir. Televiziya kanallarında ailə haqqında verilişlərin olmasını vacib sayıram".

Ailədaxili münaqişələrin ictimailəşməsi boşanmalara səbəb olur

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Əkbər Əkbərov deyib ki, bəzi xəbər portallarının ailədaxili münaqişələri araşdırmadan, əsasına varmadan geniş ictimaiyyətə yayması boşanmalara səbəb olan amillərdəndir: "Çünki bəzən hadisə ictimailəşdikdən, bütün sirlər yayıldıqdan sonra tərəflər barışmaq istəmirlər. Əgər hadisə ciddi deyilsə, onun ictimailəşdirilməsi düzgün deyil. Bəzi portalların bu cür xəbərləri əsaslı araşdırma aparmadan yayması isə böyük bir ailənin fəlakətinə səbəb olur. Çünki saytlar xəbəri daha tez yayır, qəzetlərdən daha çox oxunur. Ona görə də media kapitanlarının xəbərlərə həssas yanaşması yaxşı olardı". 

Qadınlar daha çox şiddətə məruz qalmaları ilə bağlı şikayət edirlər

Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən ictimaiyyətin qabaqcıl nümayəndələrinin də cəlb edilməsi ilə münaqişəli ailələrlə ayda bir dəfə söhbətlər aparılır: "Məqsəd zəruri qabaqlayıcı proflaktik söhbətlər aparmaq, ailələrin dağılmasının qarşısını almaqdır. DİN tərəfindən cinayət işinin başlanması rədd edilən münaqişəli ailələr qeydiyyata götürülür və həmin ailələrə sahə rəisləri tərəfindən nəzarət olunur. Onlarla söhbət aparılır və faydası da olur. Tutaq ki, xanım həyat yoldaşının aqressivləşdiyini deyirsə, onunla söhbət aparılır, məsləhət verilir. Ağsaqqallar, bələdiyyə üzvləri, icra nümayəndələri də bu işlərə cəlb olunur".

Baş inspektor qadınların idarəyə daha çox şiddətə məruz qalmaları ilə bağlı şikayət etdiklərini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi