Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası
XİN-dən "Report"a verilən məlumata görə, Ulapes şəhərində keçirilən təqdimat mərasimində La Rioja əyalətinin qubernatoru Serxio Kasas, əyaləti Argentina Milli Konqresində təmsil edən, həmçinin Azərbaycan-Argentina Parlamentlərarası Dostluq Qrupunun katibi, deputat Danilo Flores, yerli qanunverici orqanların və bələdiyyə nümayəndələri, həmçinin şəhər sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edən S.Kasas fiziki məhdudiyyətli uşaqların təhsil aldıqları məktəblərin zəruri avadanlıqlarla təmin olunması layihəsinin həyata keçirilməsində əvəzsiz dəstəyinə görə AIDA-nın timsalında Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Deputat D.Flores əyalətin qanunverici orqanının nümayəndələrinin Azərbaycanın Argentinadakı səfirliyinə yardım barədə müraciətinin müsbət nəticələnməsinin əyalətdə, xüsusilə fiziki məhdudiyyətli uşaqların valideynləri tərəfindən minnətdarlıqla qarşılandığını, bu kimi humanitar xarakterli layihələrin xalqlararası təmasların gücləndirilməsinə və Azərbaycan haqqında müsbət təəssüratların formalaşmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Sonra ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov Azərbaycan hökumətinin uğurlu siyasi və iqtisadi strategiyası nəticəsində ölkəmizin yardım alan ölkədən yardım edən ölkəyə çevrildiyini bildirib və sosial, humanitar xarakterli layihələrin həyata keçirilməsində önəmli rol oynayan, 2011-ci ildə təsis edilmiş AIDA-nın fəaliyyəti barədə məlumat verib. Hazırda AIDA tərəfindən göstərilən beynəlxalq yardım proqramlarından faydalanan ölkələrin sayının artıq 40-ı ötdüyünü diqqətə çatdıran R.Aslanov yaxın gələcəkdə bu proqramların şaxələndirilməsi, eləcə də faydalanan ölkələrin sayının artırılmasının nəzərdə tutulduğunu qeyd edib. Diplomat bəşəriyyətin gələcəyi olan uşaqların, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil səviyyəsi və hərəkət sərbəstliyinin artırılması və bərabər təhsil imkanlarının təmin olunmasına xidmət edən missiyada iştirak etməyin məmnunluq doğurduğunu deyib. Həmçinin bu missiya ilə Argentinanın AIDA-nın əhatə dairəsinə daxil olduğunu və gələcək əməkdaşlıq üçün yeni perspektivlərə yol açdığını əlavə edib.
Sonda görmə qabiliyyətinin ölçülməsi üçün cihaz, yerimə və ayaqüstə dayanma qabiliyyəti olmayan uşaqlar üçün xüsusi avadanlıq, uşaq stimullaşdırıcı avadanlıqlar, görmə qabiliyyəti olmayanlar üçün xüsusi toplar, üzərində işıq, qum və yazı üçün tabletlər olan sensorlu masalar, uşaqlar üçün təzyiqölçən aparatlar, rəqəmsal surətçıxarma və digər zəruri avadanlıqlar rəsmilərin, uşaqların və valideynlərin iştirakı ilə məktəb rəhbərlərinə təqdim edilib.