Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, tədbirdə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.
Seminar-müşavirədə Dövlət Agentliyinin məsul əməkdaşları, FHN-in Qarabağ Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək bu sahədə qabaqlayıcı profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Analitik informasiya, normativ texniki sənədlərin işlənməsi və patent şöbəsinin müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, eləcə də sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.