Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, tədbir Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatı, "Gənclər üçün Təhsil Mərkəzi" (GTM) İctimai Birliyinin Qarabağ Regional ofisi, “Güvən xeyriyyə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə baş tutub.
Festivalda rayonun musiqi məktəblərinin kollektivi konsert proqramı ilə çıxış edib.
GTM-nin Qarabağ Regional ofisinin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün, inkişaf etdirici oyunlar və əl işləri guşələri festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
GTM-in Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova bu cür tədbirlərin keçirilməsini uşaqların yaradıcılıq inkişafına təsir etdiyini bildirib: “Festivalımızda həm idman, həm rəsm əsərləri, eyni zamanda əlilliyi olan uşaqların iştirakını nəzərə alan oyunlarla bağlı, böyük guşələrimiz var. Hesab edirəm ki, bugünkü festivalımız daha maraqlı oldu. Çünki bu dəfə uşaqlarımızla yanaşı onların ailələri və rayon sakinlərinin iştirakı təmin olunub”.