"O qədər həyəcanlıyam ki, yerə-göyə sığmıram".
Bunu "Report"un Qarabağ bürosuna Ağalı kənd sakini Bəxtiyar Abdullayev deyib.
1976-cı ildə Ağalı kəndində doğulan B. Abdullayev bildirib ki, ermənilər kəndi işğal etdikdən sonra ailəsi ilə birlikdə Sumqayıta köçərək məktəb binasında məskunlaşıblar:
"Kəndimizin erməni terrorçuları tərəfindən işğal edildiyi günü heç vaxt unutmayacam, heç övladlarıma da unutdurmayacam. Ermənilər vəhşi kimi girdilər kəndə. Qabaqlarına çıxan nə var idisə dağıdıb, sındırırdılar. Yer üzündə görülməyən, dünya hərb tarixində təsadüf edilməyən vəhşiliklər törədirdilər. Biz əvvəllər Sumqayıt şəhər, 2-ci mikrorayon 3 saylı məktəbdə məskunlaşmışdıq".
"Ağalı kəndinin bərpa olunması xəbərini eşidən gündən bu günə kimi, səbirsizliklə gözləmişik. Şükür ki, doğma kəndimizə gəldik. İnanın, sevincimin həddi yoxdur. Uzun ayrılıqdan sonra, kəndimizdə, öz doğma evimdə ilk gecənin, ilk yuxusunun həyəcanı məni bürüyüb. Elə zənn edirəm ki, hələ də bu, bir reallıq yox, yuxudur", - sakin vurğulayıb.