Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6 200-dək reabilitasiya vasitəsi verib.
Nazirlikdən "Report"a verilən məlumata görə, həmçinin, Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərimizdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub.
Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb.
Bu ilin mart ayından əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. Əlilliyi olan şəxslərə 500-ə yaxın mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə iştirakçılarıdır.
Postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində 1300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və online, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.
Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.