Yuxarı

​İqtisadiyyat və Sənaye Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Tədbirdə dövlət tərəfindən şəhid ailələrinə və əlillərinə göstərilən qayğı və diqqət yüksək qiymətləndirilib

Bakı. 20 yanvar. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyində, eləcə də Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarda - Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, "İstehlak Mallarının Ekspertizası" MMC, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-də 20 Yanvar – Ümummilli hüzn gününə həsr olunmuş tədbirlər keçirilib.

"Report"un verdiyi xəbərə görə, bundan başqa Sahibkarlığa Kömək Milli Fondu, Bakı Biznes Tədris Mərkəzi, "Sumqayıt Kimya Sənaye Parkı" MMC, Azpromo və "Təmiz Şəhər" ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

Bununla bağlı keçirilmiş tədbirlərdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və Azərbaycan xalqına qarşı həyata keçirilən qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıblar.

Tədbirdə dövlət tərəfindən şəhid ailələrinə və əlillərinə göstərilən qayğı və diqqət yüksək qiymətləndirilib, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağı, müstəqillik uğrunda canlarından keçmiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsinin daim yaşanacağı vurğulanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi