Yuxarı
    Bağlamaq

    Yuqra İctimai Palatasının rəhbəri: "Burada hamımız Fərman Salmanovun çörəyini yeyirik" - MÜSAHİBƏ

    Moskva. 7 dekabr. REPORT.AZ/ Bu il dekabrın 4-də Rusiyanın 42 hava limanına adları veriləcək ölkənin görkəmli şəxsiyyətlərini seçmək üçün keçirilən yekun müsabiqənin nəticələri açıqlanıb. Səsvermənin nəticələrinə görə, Surqut şəhərinin hava limanına görkəmli neftçi geoloq alimimiz, Qərbi Sibir neft yataqlarını kəşf edən Fərman Salmanovun adı veriləcək.

    "Report" Yuqra İctimai Palatasının sədri İrina Maksimova ilə müsabiqənin keçirilməsi, həmçinin Xantı-Mansi muxtar bölgəsinin inkişafına Fərman Salmanovun verdiyi töhfələr barədə müsahibə alıb. 

    - “Rusiyanın böyük adları” müsabiqəsinin keçirilməsində Xantı-Mansi muxtar dairəsinin rolu və iştirakı barədə fikirləriniz necədir?

    - Bu müsabiqə Rusiya İctimai Palatasının, habelə Rus Ədəbi Cəmiyyəti, Rusiya Coğrafiya Cəmiyyəti, Rusiya Tarix Cəmiyyəti kimi bəzi ictimai birliklərin təşəbbüsü ilə keçirilib. Müvafiq olaraq məhəlli ictimai palatalar da təşəbbüsü dəstəklədi. Bizim dairədən Surqut və Nijnevartovsk şəhərlərinin hava limanları siyahıya salındı. Bu məsələyə dairəmizin 22 bələdiyysinin bütün ictimai şuraları tərəfimizdən cəlb edilərək hava limanlarına kimin adlarını veriləcəyini bir həftə ərzində əhali ilə müzakirə edib. Sorğu orta məktəblərdən tutmuş bütün səviyyələrdə keçirildi. Nəhayət, 22 bələdiyyə qurumunun göndərdiyi təkliflər masamıza gəldi. Bundan sonra 10-12 addan ibarət uzun siyahını Moskvadakı Ümumrusiya İctimai Fikir Araşdırmaları Mərkəzinə göndərildi. Orada da bir sıra rəy sorğusu vasitəsilə hər hava limanı üçün əsas namizədlərin adları müəyyənləşdirildi.

    - Xantı-Mansi bölgəsi üzrə həmin namizədlər kimlər oldu?

    - Surqut hava limanı üçün bunlar Sibir torpaqlarının Rusiya dövləti üçün fatihi kazak atamanı Yermak Timofeyeviç, Yuqra neftini kəşf edən Fərman Salmanov, Xantı-Mansi muxtar dairəsinin ilk qubernatoru Aleksandr Filipenko oldu. Nijnevartovsk hava limanı üçün də F.Salmanovla A.Filipenkonun, habelə Sovet İttifaqı qəhrəmanı Nikolay Arxangelskinin namizədliyi üzə çıxmışdı.

    İrina Maksimova

    - Fərman Salmanovun Yuqra bölgəsinin inkişafındakı xidmətləri haqqında nə deyə bilərsiniz?

    - Uzun siyahıya adları salınan insanların hamısına xas olan cəhət axına qarşı getməkdir. Fərman Salmanov da Yuqra torpaqlarında neft kəşf edən nadir geoloqdur. Ona Moskvaya qayıtmaq göstərişi versələr də, risqə gedərək tədqiqatlar arardı. Halbuki neft tapılmasaydı, onu partiya xətti ilə ciddi cəzalandıracaqdılar. Amma Fərman risqə getdi və qalib gəldi. Bu insan peşəkar bəxtinə inanırdı. Əslində, biz hamımız burada neft kəşf edən, bizim bölgəni kəşf edən Fərman Salmanov sayəsində burada yaşayırıq, onun çörəyini yeyirik. Hazırda oğlu İlya Salmanov Nijnevartovsk şəhərində yaşayır, dairə xəstəxanasının baş həkimidir. Nəvələri də buradadır. Yuqra torpağı bir çox görkəmli azərbaycanlı üçün doğma olub. Fərman Salmanov isə milliyyətcə azərbaycanlı, daxilən isə yuqralı olub.

    - Nijnevartovsk hava limanına dair müsabiqədə də Fərman Salmanov qalib gəlib. Oraya kimin adı veriləcək?

    - İki hava limanına eyni ad verməmək baxımdan Nijnevartovsk hava limanı hələlik adsız qalıb. Dekabrın 10-dan 20-dək keçiriləcək ikinci tur səsvermədə Filipenko və Arxangelskinin, Fərman Salmanovun əvəzinə isə neftçi Viktor Muravlenkonun adları siyahıdadır.

    - Yuqranın azərbaycanlı diasporu nə dərəcədə fəaldır?

    - Çox fəaldır. Elə indi ictimai şura üzvləri ilə Nefteyuqansk rayonunun bir qəsəbəsindəyik, burada bütün milli mədəni muxtariyyatların, o cümlədən azərbaycanlıların da nümayəndələri toplaşıblar.

    Ümumiyyətlə, Yuqra torpağında hamımız çox mehriban dolanırıq. Burada insanları milliyyətə görə bölməzlər. Bizim üçün yalnız yaxşı insan və yaxud pis insan var. Yaxşı insan bu torpaqda yaşayıb onu sevən, ona bağlı olan, onu abadlaşdıran, qurub-yaradan insandır. Bizim üçün meyar budur.

    İqbal Rüstəmov

    Fərman Salmanov


    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi