Bakı. 25 noyabr. REPORT.AZ/ Qeyri-maddi mədəni irsin qorunması haqqında YUNESKO-nun 2003-cü il Konvensiyasının Hökumətlərarası Komitəsinin 9-cu iclası işinə başlayıb. “Report”un məlumatına görə, iclasda Azərbaycanın Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə səylərin artırılmasına dair iki layihənin həyata keçirilməsi üçün təklifi komitə tərəfindən dəstəklənib və yüksək qiymətləndirilib. Bu təşəbbüsə görə YUNESKO-nun katibliyi, komitənin prezidenti, həmçinin Banqladeş və Qvatemala nümayəndələri Azərbaycana öz təşəkkürlərini bildiriblər.
Maddi yardım Azərbaycannın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə Azərbaycan və YUNESKO arasında 2013-cü ildə imzalanmış çərçivə sazişi əsasında təsis edilmiş Etimad Fondu vasitəsilə göstəriləcək.
Tədbirdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edib. O, YUNESKO-nun fəaliyyətinə yardımın Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətin inkişafına göstərdiyi xoşməramlı dəstəyinin təzahürü olduğunu bildirib.