Yuxarı

"Xəzər beşliyi"nin İşçi Qrupunun bu gün Nur-Sultanda iclası başlayır

"Xəzər beşliyi"nin İşçi Qrupunun bu gün Nur-Sultanda iclası başlayır

Aprelin 16-17-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) ikinci iclası keçiriləcək.

Bu barədə "Report" Qazaxıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, iclas çərçivəsində Xəzər dənizində birbaşa çıxış xətlərinin müəyyənləşdirilməsinin metodikası haqqında Saziş layihəsinin razılaşdırılmasının davam etdirilməsi, habelə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının yerinə yetirilməsi ilə bağlı məsələlərin müzakirəsi və ötən il avqustun 12-də Aktauda keçirilən Beşinci Xəzər Sammitinin yekunları üzrə əldə olunmuş razılıqların və dövlət başçılarının tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Azərbaycan iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri, Azərbaycan Respublikasının Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupundakı nümayəndəsi Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Yüksək səviyyəli müntəzəm beştərəfli məsləhətləşmələrin mexanizmi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı effektiv həyata keçirilməsi və Xəzər dənizində əməkdaşlığın icmalı məqsədi ilə "Xəzər beşliyi"nin dövlət başçılarının qərarı ilə yaradılıb. Xəzərin hüquqi statusu haqqında Konvensiya ötən il avqustun 12-də Qazaxıstanda Xəzəryanı ölkələrin sammitində imzalanıb.

YSİQ-nin ilk iclası 2019-cu il fevralın 19-20-də Bakıda keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi