“1990-cı ildə Bakıda Sovet imperiyasının əsgərləri tərəfindən öz vətəndaşlarına qarşı törədilən qırğın imperiyanın iç üzünü açdı. Bu təkcə azərbaycanlılara qarşı yox, bütün ittifaq ölkələrinin xalqlarına qarşı ehtiva olunan mahiyyət idi”.
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) deputatı Mixail Bondar bildirib.
O qeyd edib ki, Sovet qoşunlarının həmin vaxt dinc Bakı sakinlərinə qarşı törətdiyi qırğınlar bütün SSRİ xalqlarını sarsıdıb:
“Bu gün də biz onun acılarını yaşayırıq. Məsələn, Bakı qırğınına aparan yol olan Azərbaycan torpaqlarının işğalı problemi nəinki irəliləyən illərdə həll olundu, əksinə, digər keçmiş ittifaq ölkələri olan Gürcüstan, Moldova və nəhayət, Ukraynanı da bu işğal faktı ağuşuna aldı. Təbii ki, bütün bu hadisələrin mənbəyi bir yerdən qaynaqlanır”.
M.Bondar 20 Yanvar Bakı qırğınının Azərbaycan tarixində qəhrəmanlıq, azadlıq uğrunda rəşadət səlnaməsi adlandırıb.
Deputat bildirib ki, bu gün Azərbaycan həqiqətləri, o cümlədən dost ölkənin üzləşdiyi işğal faktı, yaxın tarixdə yaşadığı faciələr, soyqırımlar Ukraynada azərbaycanlıların mərkəzləşmiş diasporu tərəfindən geniş təbliğ olunur:
“Azərbaycanlılar hər il 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirirlər. Onların sayəsində biz həqiqətləri bilirik. Azərbaycan diasporunda mənim illərdir tanıdığım Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev nəinki yerli ukraynalılar, burada yaşayan digər millətlər arasında bu həqiqətlərin təbliğində fəaldır”.