Bakı. 19 oktyabr. REPORT.AZ/ "Azərbaycanla İtaliya arasında humanitar və mədəni əlaqələrin inkişafına yardım edəcəyəm".
"Report" xəbər verir ki, bunu İtaliya Senatının sədri Mariya Elizabetta Alberti Kazellati Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdə deyib.
"İtaliya hökumətinin ən yüksək orqanlarından birinin sədri kimi burada olduğuma görə şadam. Demək istəyirəm ki, Azərbaycanla İtaliya arasındakı əlaqələri möhkəmləndirmək üçün əlimdən gələni edəcəyəm", - xanım diplomat bildirib.
Senat sədri həmçinin dilin insanları və mədəniyyətləri birləşdirən amil olduğunu vurğulayıb.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bu ali təhsil müəssisəsində italyan dilinə böyük diqqət ayrıldığını bildirib.
"Bildiyiniz kimi, bugünlərdə dünyanın hər yerində 18-ci İtaliya dili həftəsi keçirilir. Bunu, əlbəttə ki, universitetimizdə də qeyd edirik. Belə akademik və mədəni əlaqələr xalqları yaxınlaşdırır, əlaqələri möhkəmləndirir", - o deyib.
Tədbirdə İtaliya Senatının sədri Mariya Elizabetta Alberti Kazellati Azərbaycan Dillər Universitetinin Fəxri doktoru adına layiq görülüb.