Bakı. 25 sentyabr. REPORT.AZ/ Sentyabrın 25-də Romadakı Custiniani sarayında “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfrans keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati konfransın açılışında iştirak ediblər.
Konfransı açan İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən bu tədbirin əhəmiyyətindən bəhs edib. O, İtaliya-Azərbaycan əlaqələrinin çox yüksək səviyyədə inkişaf etdiyini bildirib və ikitərəfli strateji əməkdaşlığın önəmini qeyd edib. İki ölkə arasında əlaqələrin hər bir sahədə inkişaf etdiyini deyən Rossana Boldi Azərbaycan-İtaliya münasibətlərinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb. O, Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələrin bu ölkənin mədəni irsinin qorunması baxımından önəmli olduğunu söyləyib.
İtaliyada bu cür əhəmiyyətli konfransın keçirilməsinin önəmini qeyd edən İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin İtaliyada qeyd olunması bizim üçün bir şərəfdir. Bu tədbirin burada keçirilməsinin çox böyük önəmi var. Çünki bu binada İtaliyanın Konstitusiyası imzalanıb. Bu il biz Konstitusiyanın imzalanmasının 70 illiyini qeyd edirik”.
100 il bundan əvvəl Azərbaycan Respublikasının parlamentində ilk dəfə olaraq seçkilərin keçirildiyini, qadınlara tam seçki hüququnun verildiyini qeyd edən Senatın sədri bildirib ki, bu, regionun tarixində önəmli bir addım idi. Həmçinin Azərbaycan parlamentində bir çox millətlərin nümayəndələrinin təmsil olunması mürəkkəb bir dövrdə ölkənin tarixində əhəmiyyətli bir iz buraxıb.
Azərbaycan-İtaliya əlaqələrinə toxunan Maria Elisabetta Alberti Kasellati ölkələrimiz arasındakı münasibətlərin qədim tarixinin olduğunu bildirib.
Heydər Əliyev Fondunun İtaliya üçün çox xüsusi əhəmiyyətə malik tarixi-mədəni abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edən Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı roluna görə təşəkkür edib.
Azərbaycanın “Milan Expo 2015” beynəlxalq sərgisindəki pavilyonunun ən çox ziyarət olunan və yüksək dəyərləndirilən povilyonlardan biri olduğunu qeyd edən Maria Elisabetta Alberti Kasellati deyib: “Bu gün Azərbaycan Qafqaz ölkələrindən biri kimi həm siyasi, həm də iqtisadi baxımdan Aralıq dənizi ölkələrinin həyatında çox böyük rol oynayır. İtaliya Azərbaycandan enerji idxal edən birinci ölkələrdəndir. Bu gün İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də neft sənayesinin inkişafına təkan verir”.
Senatın sədri İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətlərinin daha da genişlənəcəyinə əminliyini ifadə edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan bəhs edən Maria Elisabetta Alberti Kasellati qeyd edib ki, bu gün iki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalaşır, universitetlər və digər mədəniyyət mərkəzlərinin əlaqələri getdikcə dərinləşir.
Maria Elisabetta Alberti Kasellati terrorizmin və ekstremizmin cərəyan etdiyi bir dövrdə təhlükəsizliyin təmini üçün ölkələr və xalqlar arasındakı əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışaraq Qərb ilə Şərq arasında körpü rolunu oynayan, Avropa İttifaqının önəmli tərəfdaşı, İtaliyanın tarixi dostu olan Azərbaycanın bu istiqamətdəki rolunu xüsusi vurğulayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva konfransda çıxış edib.
Sonra konfrans işini panel iclaslarla davam etdirib. Çıxışlarda tədbirin əhəmiyyəti xüsusi qeyd edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində atdığı mütərəqqi addımlardan ətraflı bəhs olunub. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Yüz il bundan əvvəl formalaşan Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması mühüm addım kimi qiymətləndirilib.
Çıxışlarda İtaliya-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi bildirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi vurğulanıb. Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərin inkişafına töhfəsi qeyd edilib.
Sonda Azərbaycan Xalq Cümhuriyyəti haqqında qısa film nümayiş olunub.