Prezident İlham Əliyev Tacikistan və Macarıstanın yeni səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Tacikistan və Macarıstanın yeni səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Dövlət başçısı: "Macarıstan Azərbaycan üçün təkcə Avropada deyil, dünyada ən yaxın dost və tərəfdaş ölkələrdən biridir"
Xarici siyasət
12 Sentyabr , 2017 13:09
Prezident İlham Əliyev Tacikistan və Macarıstanın yeni səfirlərinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
President.az

Bakı. 12 sentyabr. REPORT.AZ/ Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin fəxri qarovul dəstəsinin qarşısından keçib.

Rustam Soliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib və qeyd edib ki, Tacikistan Prezidenti ilə keçirdiyi görüşlər zamanı əməkdaşlığımızın daha da genişlənməsi ilə bağlı səmərəli müzakirələr aparılıb. İqtisadi əlaqələrimizə toxunan dövlət başçısı ölkələrimizin nəqliyyat sistemləri və müxtəlif istiqamətlərdə yük daşımaları ilə bağlı yeni imkanların olduğunu qeyd edib. Dövlət başçısı deyib ki, humanitar, mədəni sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bu sahələrdə əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyev Rustam Soliyevin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Respublikasında səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Rustam Soliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və yaxın zamanlarda dövlət başçısı ilə görüşmək arzusunu Prezident İlham Əliyevə çatdırıb. Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin bu il qeyd olunacağını deyən səfir ikitərəfli dostluq münasibətlərimizin əsasının ümummilli lider Heydər Əliyev və Prezident Emoməli Rəhmon tərəfindən qoyulduğunu vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir və ölkələrimiz BMT, ATƏT, MDB çərçivəsində sıx əməkdaşlıq həyata keçirir.

Görüşdə ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş edib.

Macarıstanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi fəxri qarovul dəstəsinin qarşısından keçib. Viktor Szederkenyi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu deyib. Macarıstanın Azərbaycan üçün çox cəlbedici ölkə olduğunu deyən dövlət başçısı qarşılıqlı səfərlərin getdikcə artdığını məmnunluqla vurğulayıb. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə müntəzəm görüşlərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Dövlət başçısı bildirib ki, Macarıstan Azərbaycan üçün təkcə Avropada deyil, dünyada ən yaxın dost və tərəfdaş ölkələrdən biridir.

İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin zəruriliyini vurğulayıb. Dövlət başçısı, eyni zamanda, bildirib ki, investisiya, nəqliyyat və enerji, əczaçılıq, kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var. Humanitar və mədəniyyət sahələrində də əməkdaşlığın uğurla davam etdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimizdə artıq bir sıra qarşılıqlı mühüm mədəni tədbirlər keçirilib ki, bu da xalqlarımızın bir-birini daha da yaxşı tanıması və dostluq əlaqələrinin inkişaf etdirilməsi işinə xidmət edir.

Səfir Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlət başçısına çatdıraraq qeyd edib ki, Baş nazir Azərbaycan Prezidenti ilə şəxsi dostluq əlaqələrini yüksək qiymətləndirir. O bildirib ki, bu əlaqələr bir səfir kimi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi ilə bağlı mənim gələcək fəaliyyətimə istiqamət verir. Macarıstanlı diplomat iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün çox böyük imkanların olduğunu bildirib. Sonra səfir deyib: “Mən sizin gözəl ölkənizdə səfir kimi fəaliyyət göstərməyimdən həddindən artıq məmnunluq hissi keçirirəm. Sizin ölkəniz, xalqınız, mədəniyyətiniz haqqında daha çox bilgi əldə etmək əzmindəyəm”.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin və Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini özündə əks etdirən sənədin hazırlanmasının önəmi qeyd olundu və əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Macarıstanın Baş naziri Viktor Orbanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş edib.


*** 10:14

Bakı. 12 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev sentyabrın 12-də Tacikistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Dövlət başçısı Macarıstanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edib.

Son xəbərlər

Orphus sistemi