Yuxarı

Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Səid Xan Mohmandı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüşün əvvəlində səfir Səid Xan Mohmand ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Azərbaycan ilə Pakistan arasında ənənəvi əməkdaşlıq sahələrində müsbət dinamikanın təşviq edilməsinin vacibliyi, habelə turizm, tranzit dəhlizləri və s. istiqamətlər üzrə zəngin potensialın mövcud olması qeyd edilib. İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və Hökumətlərarası Komissiyanın fəaliyyətinin xüsusi rol oynadığı barədə ümumi qənaətə gəlinib.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki beynəlxalq səylər kontekstində Pakistanın ənənəvi olaraq Azərbaycana göstərdiyi möhkəm dəstəyin iki dost ölkə arasında olan həmrəyliyin bariz nümunəsi kimi qeyd edib.

Pakistan səfiri, öz tərəfindən, Azərbaycanın onun təmsil etdiyi ölkəyə verdiyi dəstəyi və göstərdiyi səmimi münasibəti xüsusi minnətdarlıqla yada salıb. Bu xüsusda, tərəflər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini münaqişələrin nizama salınması üçün müstəsna əhəmiyyətə malik olduğunu bildiriblər. Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov səfir Səid Xan Mohmandın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona uğurlar arzu edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi