Bakı. 7 mart. REPORT.AZ/ "Macarıstan Azərbaycanla ticari-iqtisadi və enerji əməkdaşlığının inkişafında maraqlıdır".
"Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan Macarıstanın milli təsərrüfat naziri Mixal Varqa deyib.
Onun sözlərinə görə, iki ölkə əczaçılıq, sənaye sahələrində əməkdaşlığı genişləndirə bilər.
"Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsi və Macarıstanın mühüm tərəfdaşıdır. Neftin qiymətinin düşməsinə və dünya iqtisadiyyatındakı böhrana baxmayaraq, 2013-cü ildən iki ölkə arasında ticarət dövriyyəsi artır. Ötən il ticarət dövriyyəsinin göstəricisi 65 milyon dollardan çox olub. Macarıstandan Azərbaycana əsasən əczaçılıq məhsulları ixrac olunur", - deyə M.Varqa bildirib.
O, həmçinin Macarıstanın əczaçılıq şirkətlərinin Azərbaycanda birgə müəssisə yarada biləcəyini də əlavə edib.
M.Varqa, eyni zamanda, birbaşa Budapeşt-Bakı reysinin açılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu, təkcə turizm sahəsində yox, həm də biznes sferasında əlaqələrin inkişafına təkan verə bilər.