İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani bu yay ölkəmizdəki diplomatik fəaliyyətini başa vurur.
“Report”a müsahibəsində diplomat Bakıdakı missiyasının yekunları, Azərbaycanla bağlı təəssüratlarından və iki ölkənin münasibətləri dərinləşdirməsi lazım olan sahələrdən danışıb.
- Cənab səfir, Azərbaycandakı diplomatik missiyanızı başa vurursunuz. Sizcə, bu müddət ərzində Azərbaycan ilə İndoneziya arasındakı münasibətlər nə qədər dərinləşib?
- Düşünürəm ki, bu müddət ərzində Azərbaycan-İndoneziya münasibətləri bütün istiqamətlər üzrə dərinləşib. Məsələn, siyasi və diplomatik müstəvidə ölkələrimiz bütün beynəlxalq platformalarda, o cümlədən BMT, İƏT və hazırda Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı daxilində daim bir-birini dəstəkləyir. İndoneziya Konstitusiyasına əsasən, hər bir ölkənin azad olmaq hüququna və ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq niyyətini dəstəkləyirik, bu onun hüququdur. Səfir olduğum 4 il ərzində əsas hədəflərdən biri dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək idi.
- Azərbaycanı necə xatırlayacaqsınız? Ölkəmizdə daha çox nəyi xoşlayırsınız?
- Heç vaxt Azərbaycanı unutmayacağam. Azərbaycanı ikinci vətənim hesab edirəm. Eyni zamanda bu torpaq mənim üçün bəşəriyyətin beşiklərindən biridir, Nuhun diyarıdır. Bu ölkəni, bu qonaqpərvər və səmimi xalqı çox sevirəm. Azərbaycanın çox zəngin tarixi var.
- Bakıdakı diplomatik missiyanız gələcək karyeranıza necə təsir edəcək? İndoneziyaya qayıdandan sonra nə ilə məşğul olmaq fikrindəsiniz?
- Əlbəttə, Azərbaycan mənə daha çox bilik, daha çox anlayış, həyat və dünya fəlsəfəsi qazandırdı. Gələcək karyerama gəlincə, qeyd etmək istəyirəm ki, diplomatik fəaliyyətimə qədər universitetlərdə dünya və İndoneziya tarixi mövzusunda mühazirələr demişəm. Fikrimcə, İndoneziyaya qayıtdıqdan sonra professorluq fəaliyyətimi davam etdirəcəyəm və tələbələrimə Azərbaycan, onun tarixi, sərvəti barədə məlumat verəcəyəm. Eyni zamanda Azərbaycana yenidən qayıtmaq niyyətindəyəm, ancaq artıq mədəniyyət, iqtisadiyyat və təhsil səfiri kimi. Çünki Azərbaycan xalqını, onun tarixini, mədəniyyətini, ölkənizin fəlsəfəsini bilirəm. Bir çox ortaq cəhətlərimiz var, xüsusən də həm Azərbaycan, həm də İndoneziyanın müsəlman və multikultural ölkə olması. Bundan əlavə, bizneslə məşğul olmaq və iki ölkənin sahibkarları arasında işgüzar münasibətlər qurmağı planlaşdırıram.
- Bildiyiniz kimi, dünya hələ də koronavirus pandemiyası ilə mübarizə aparır. Bu, ölkələrimiz arasındakı münasibətlərə necə təsir etdi və pandemiyadan sonrakı dövrdə ikitərəfli əməkdaşlığın hansı perspektivlərini görürsünüz?
- Bu yerdə deyə bilərəm ki, İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının videokonfransı çərçivəsində çıxışı zamanı təşkilat ölkələrini COVID-19 pandemiyasına qarşı mübarizədə birləşməyə dəvət edib. Yalnız bu yolla həm fərdi biznes nümayəndələrini, həm də ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığı qorumaq mümkün olacaq. Yeni yanaşma, yeni post-pandemik reallığı aydın şəkildə anlamaq lazımdır.
- İndoneziya rəsmiləri “ASAN Xidmət”in təcrübəsi ilə tanış olmaq üçün bir neçə dəfə Bakıya səfər ediblər. İndoneziya bu xidmətin ölkənizdə tam tətbiq edilməsində maraqlıdırmı?
- İndoneziyanın “Public Service Mall” (MPP) adlı analoji sistemi var. Lakin “ASAN Xidmət” dünyada yeni sosial xidmət modelidir. Bir vaxtlar BMT səviyyəsində də çox yüksək qiymətləndirilib. Odur ki, İndoneziya bununla maraqlandı və “ASAN Xidmət”in təcrübəsini öyrənmək üçün İndoneziyadan bir çox mütəxəssis və rəsmilər gəldi. Bu, bizim üçün çox yaxşı təcrübədir, çünki İndoneziyanın əhalisi çoxdur və ölkə çox sayda adada yerləşir. Belə ki, mövcud sistemimizi təkmilləşdirməliyik. İndoneziyanın yeni və təzə “ASAN Xidmət” sisteminə ehtiyacı var.
- İndoneziya biznesi üçün Azərbaycanda hansı qeyri-neft sektorları ən cəlbedicidir?
- Əlbəttə, ölkələrimiz arasında neft-qaz sənayesi daha perspektivli əməkdaşlıq sahəsi olaraq qalır. Buna baxmayaraq, bizim üçün yeni imkanlar aça biləcək sahələr də var. Məsələn, kənd təsərrüfatı. İndoneziya Azərbaycanı çox yüksək keyfiyyətli quru meyvələrlə, o cümlədən dünyanda ən böyük istehsalçısı olduğumuz palma yağı ilə təmin edə bilərik. Bu siyahıya elektronika, məişət texnikası, ağır sənaye və başqalarını əlavə edə bilərik. Azərbaycana təklif edəcəyimiz bir çox şey var. Turizm sahəsini də unutmamalıyıq. Demək istəyirəm ki, Azərbaycan tarixi, zəvvarlıq turizmi baxımından son dərəcə əlverişli ölkədir.
- İndoneziya KİV-inin yazdığına görə, ölkə prezidenti artıq Hildi Həmidin İndoneziyanın Azərbaycandakı yeni səfiri vəzifəsinə namizədliyini irəli sürüb. Yeni səfir Bakıdakı missiyasına nə vaxt başlamağı planlaşdırır? Bu diplomat haqqında daha geniş məlumat verə bilərsinizmi?
- Koronavirusla bağlı vəziyyəti, o cümlədən də aviadaşımalar ilə bağlı məhdudiyyətləri nəzərə alaraq, xələfim Hildi Həmidin bu ilin sentyabr-oktyabr aylarında Azərbaycana gələcəyi gözlənilir. Qeyd edə bilərəm ki, bu, onun diplomatik nümayəndəliyin rəhbəri kimi ilk vəzifəsidir. Bundan əvvəl, o, İndoneziyanın Qərbi Kalimantan əyalətində icra hakimiyyəti orqanlarında vəzifə tutmuşdu.