Yuxarı

Elmar Məmmədyarov Rumıniyanın baş nazirinin müavinini qəbul edib

Elmar Məmmədyarov Rumıniyanın baş nazirinin müavinini qəbul edib

Bakı. 15 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Rumıniyanın baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, xanım Ana Birçall Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından dərin hüznlə Azərbaycan xalqı və dövlətinə başsağlığı verib.

A.Birçall 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayaraq 2018-ci ilin Azərbaycan və Rumıniyanın müstəqilliklərinin 100 illiyi ilə əlamətdar olduğunu deyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumunun mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu platforma olduğunu deyən A.Birçall forumda iştirakından məmnunluğunu ifadə edib.

Qonaq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin forumun açılışında çıxışını, Azərbaycanın inkişafı naminə dövlət başçısının strateji baxışını və Azərbaycanda multikultural ənənələrin inkişafı və təşviqini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərdə siyasi dialoqun inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılqılı səfərlərin təşkili, enerji, nəqliyyat, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunulub. İqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımdan hökumətlərarası birgə komissiyanın iclasının tezliklə keçirilməsi və biznes forumun təşkilinin vacibliyi qeyd olunub.

A.Birçall bildirib ki, Rumıniya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını davamlı surətdə dəstəkləyir.

Söhbət zamanı tərəflər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr aparıblar.

Nazir Elmar Məmmədyarov Cənub-Qərb nəqliyyat dəhlizinin inkişafı haqqında məlumat verərək bu xüsusda Qara dəniz vasitəsilə Rumıniya ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb.

Azərbaycanın strateji mövqeyə malik olduğunu bildirən A.Berçell qeyd edib ki, Rumıniya nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirir, Qara dəniz və Xəzər dənizi arasında bərə nəqliyyatı ideyasını dəstəkləyir.

A.Berçell bildirib ki, Rumıniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini dəstəkləyir.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi