Elmar Məmmədyarov: "Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq qurulması vacibdir"

Elmar Məmmədyarov: "Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq qurulması vacibdir" Azərbaycan XİN başçısı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Xarici siyasət
20 Fevral , 2018 17:55
Elmar Məmmədyarov: Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq qurulması vacibdir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Elshan Baba

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparılıb və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Avropa İttifaqı və Azərbaycan arasında enerji sektoru ilə bərabər, təhlükəsizlik və nəqliyyat sahəsində dialoq mexanizminin yaradılması əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirilib. Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlara toxunublar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətini məlumatlandıran Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib.

Elmar Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmaları arasında dialoqun qurulmasının vacibliyini qeyd edib və Ermənistanın hər vəchlə bu kimi təşəbbüslərə qarşı çıxdığını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi