Bakı. 18 sentyabr. REPORT.AZ/ Baş nazirin müavini Əli Əhmədov sentyabrın 18-də Azərbaycanda səfərdə olan Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" xəbər verir ki, Ə.Əhmədov bu səfərin iki ölkə arasında mövcud əlaqələrin daha da inkişafına təkan verəcəyini vurğulayıb.
O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra istər prezidentlər, istərsə də digər rəhbər heyətlər səviyyəsində qarşılıqlı səfərlər baş tutub: "Atılan addımlar iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə kömək edib. Azərbaycan hər zaman Avstriyaya dost ölkə kimi yanaşır".
Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxe Azərbaycana ilk dəfə səfər etdiyini və Bakının gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edən Haynts-Kristian Ştraxe Avstriya rəhbərliyinin salamlarını Azərbaycan tərəfinə çatdırıb.
İki dövlətin oxşar cəhətlərinin olduğunu vurğulayan Avstriya Kanslerinin müavini hər iki ölkənin praqmatik və təhlükəsizlik siyasət yürütdüyünü qeyd edib.
Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq problemin dinc yolla həllinin tərəfdarı olduqlarını diqqətə çatdırıb.