Bu gün Minskdə MDB Hökumət Başçıları Şurasının iclası başlayır

Bu gün Minskdə MDB Hökumət Başçıları Şurasının iclası başlayır Sessiyada 20-dən çox sənəd layihəsinin nəzərdən keçirilməsi planlaşdırılır
Xarici siyasət
28 Oktyabr , 2016 09:35
Bu gün Minskdə MDB Hökumət Başçıları Şurasının iclası başlayır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının (HBŞ) iclası keçiriləcək.

"Report" MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiyada MDB-nin fəaliyyətinin prioritet sahələri üzrə əməkdaşlığın gələcək inkişafı ilə bağlı 20-dən çox sənəd layihəsinin nəzərdən keçirilməsi planlaşdırılır.

Məlumata görə, əsas diqqət iqtisadi əməkdaşlıq məsələlərinə yönəldiləcək. O cümlədən azad ticarət zonasının yaradılması üzrə sazişlə bağlı vəziyyət, 2030-cu ilədək enerji resurslarının hasilat və istehlak proqnozu, iqtisadi-maliyyə sahəsindəki əməkdaşlıqla bağlı məsələlər, əqli mülkiyyət bazarının formalaşması və inkişafı müzakirə ediləcək.

HBŞ-nin iclasında, həmçinin humanitar sahə üzrə bir sıra əhəmiyyətli sənədlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Eyni zamanda, 2017-ci ildə Birlik ölkələrinin birgə Hava hücumundan müdafiə sisteminin yaradılması və inkişafı üçün maliyyə vəsaitlərinin ayrılması barədə qərar qəbul ediləcəyi gözlənilir.

Bundan əlavə, hökumət başçıları bir sıra maliyyə-büdcə məsələlərini nəzərdən keçirəcək və növbəti görüşün tarixi və yerini müəyyənləşdirəcək.

Son xəbərlər

Orphus sistemi