Baş nazirin müavini: "Azərbaycan Asiya və Afrika dövlətləri ilə əlaqələrə böyük önəm verir"

Baş nazirin müavini: "Azərbaycan Asiya və Afrika dövlətləri ilə əlaqələrə böyük önəm verir" Azərbaycan İndoneziyada Asiya-Afrika sammitində təmsil olunub
Xarici siyasət
23 Aprel , 2015 18:33
Baş nazirin müavini: Azərbaycan Asiya və Afrika dövlətləri ilə əlaqələrə böyük önəm verir

Bakı. 23 aprel. REPORT.AZ/ Aprelin 22-23-də İndoneziyanın paytaxtı Cakarta şəhərində sayca üçüncü Asiya-Afrika sammiti keçirilib. 

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Asiya və Afrika qitələrinin yüzə yaxın dövlətinin iştirak etdiyi sammitdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sammitdə Afrika və Asiya qitələrində sülh, təhlükəsizlik və rifahın bərqərar olunması və eləcə də bu iki qitə arasında təsisatlanmış tərəfdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Yaqub Eyyubov sammitdə çıxış edib. O, çıxışında Azərbaycanın Asiya və Afrika dövlətləri ilə əlaqələrə böyük önəm verdiyini bildirərək, bu iki qitə arasında tərəfdaşlığın gücləndirilməsinə dəstək ifadə edib və Azərbaycanın Asiya və Afrikada sülh və inkişafa verdiyi töhfələr barədə danışıb. Yaqub Eyyubov Ermənistanın Azərbaycana qarşı təcavüzü barəsində geniş məlumat verib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri sammit zamanı Fələstinin baş baziri Rami Hamdallah ilə qarşı tərəfin təşəbbüsü ilə ikitərəfli görüş keçirib və qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıb.

Sonda iştirakçı dövlətlər sammitin yekun sənədlərini qəbul ediblər. İştirakçı dövlətlər bu sənədlərdə dünyada sülh və rifah naminə Asiya və Afrika qitələri arasında tərəfdaşlığın gücləndirilməsi məqsədinə sadiqliklərini bəyan ediblər. Dövlət və hökumət başçıları həmçinin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliklərinə hörmət əsasında beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına dəstəklərini ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi