Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub Xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezini qəbul edib
Xarici siyasət
22 Aprel , 2016 15:24
Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan və İran prezidentləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

M.Vaezi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş verən son gərginlik zamanı Azərbaycanın mülki əhalisi və hərbi qulluqçularının həyatını itirməsi ilə əlaqədar başsağlığı verib. O, İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha vurğulayıb.

O, hökumətlərarası birgə komissiya çərçivəsində həyata keçirilən birgə tədbirlər sayəsində iqtisadiyyat, nəqliyyat, neft-qaz, kənd təsərrüfatı, turizm, əczaçılıq, maşınqayırma, rabitə və informasiya texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini qeyd edib.

İranlı qonaq ölkəsinin regional sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bilidrərək, beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün iki ölkənin təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Nazir E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin İrana sonuncu səfərinin, səfər zamanı keçiriən görüşlərin və imzalanan sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımdan böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, Mahmud Vaezini Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İranın tutduğu ədalətli və davamlı mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb. Münaqişənin həlli və regionda davamlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

İki ölkə arasında ikitərəfli əməkdaşlığın Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli formatında da inkişaf etdiyini qeyd edən E.Məmmədyarov bu xüsusda aprelin 5-də İranın Ramsar şəhərində, 7 aprel tarixində isə Bakıda keçirilmiş üçtərəfli görüşləri qeyd edib.

Nazir aprelin 20-də Astara çayı üzərində tikintisinin təməli qoyulmuş dəmir yolu körpüsünün Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu deyib. O, körpünün ölkələrimizin tranzit potensialının artmasına və böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan yaradacağını xüsusi vurğulayıb. 

Görüşdə həmçinin iki ölkənin bölgələri arasında əlaqələrin inkişaf etdirilməsi, energetika, nəqliyyat, neft daşımaları, ticarət, bank sektoru və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi