Yuxarı

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqların növbəti mərhələsi Tbilisidə olacaq

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqların növbəti mərhələsi Tbilisidə olacaq

Mayın 23-24-də Bakıda Azərbaycanla Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların 12-ci iclası keçirilib.

XİN-dən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhədlər və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov başçılıq edib, Gürcüstan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Gürcüstan hökumətinin sərhədlər məsələləri üzrə xüsusi nümayəndəsi Laşa Darsaliya başçılıq edib.

Görüşdə həmçinin ekspertlər və hər iki ölkənin müvafiq dövlət orqanlarının təmsilçiləri iştirak ediblər.

Dövlət sərhədi xəttinin keçməsi məsələləri nəzərdən keçirilib və bütün razılaşdırılmamış qalan hissələrin detallı müzakirəsi aparılıb.

İclasın nəticələrinə dair tərəflər razılaşdırılmamış qalan hissələrə yerində ekspertlər səviyyəsində birgə baxışın keçirilməsini qərara alıblar.

Eləcə də tərəflər dövlət sərhədi xəttinin müəyyən olunması ilə əlaqədar müvafiq normativ-hüquqi sənədlərin və kartoqrafik materialların tədqiq edilməsi və dəyərləndirilməsi haqqında razılığa gəliblər.

Tərəflər Komissiyaların növbəti iclasının Tbilisi şəhərində keçirilməsini razılaşdırıblar. Tarix diplomatik kanallar üzrə razılaşdırılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi