Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub - YENİLƏNİB - 2

Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub - YENİLƏNİB - 2 Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşü barədə məlumat yayıb.
Xarici siyasət
24 İyul , 2018 20:08
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub - YENİLƏNİB - 2
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşü barədə məlumat yayıb. 

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirlərin təkbətək və nümayəndələr heyətlərinin iştirakı ilə görüşləri olub. 

Nazirlər iki qardaş ölkə arasında bərqərar olunmuş strateji münasibətlərin və ənənəvi dostluğun yüksələn xətlə irəlilədiyini məmnuniyyətlə qeyd ediblər. Bu mənada tərəflər Azərbaycan və Türkiyədə keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın ilk səfərlərini müvafiq olaraq məhz Ankara və Bakıya etmələrinin Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsini olduğunu vurğulayıblar.

Nazirlər Azərbaycan ilə Türkiyə arasında dövlət başçıları səviyyəsində fəaliyyət göstərən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının xüsusi əhəmiyyətini qeyd edərək, Şuranın 31 oktyabr 2017-ci il tarixində Bakıda və 25 aprel 2018-ci il tarixində Ankarada keçirilmiş iclaslarının ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin inkişafında başlıca rol oynayan amillər kimi səciyyələndiriblər.

Azərbaycan ilə Türkiyə arasında durmadan inkişaf edən əməkdaşlığın iki ölkə ilə bərabər bütün bölgənin tərəqqisinə, sülhə və sabitliyə xidmət etdiyini qeyd edən nazirlər artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və TANAP layihələrinin əhəmiyyətinə toxunublar. Tərəflər ölkələrimiz arasındakı ikitərəfli əlaqələri tamamlayan Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə, Azərbaycan-Pakistan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatlarının praktiki vacibliyini qeyd ediblər.

Nazirlər Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalının regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə olduğunu vurğulayıblar. Mövlüd Çavuşoğlu Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyənin mövqeyini bir daha vurğulayaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.

Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Türkiyənin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən məmnunluq bildirilib və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə razılıq ifadə olunub.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


*** 17:56

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Mövlud Çavuşoğlu Bakıda geniş tərkibdə görüşü başa çatıb. 

"Report" xəbər verir ki, nazirlər görüşdən sonra birgə brifinq keçirirlər. 

***

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Mövlud Çavuşoğlu Bakıda geniş tərkibdə görüş keçirirlər.

"Report" xəbər verir ki, tərəflər qardaş ölkələr arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərini müzakirə edirlər.


*** 17:20

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Bakıda birgünlük səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb. 

"Report"un məlumatına görə, görüş təkbətək formatda keçirilir. 

Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi və gücləndirilməsi, eləcə də regional məsələlər barədə müzakirələr aparacaqlar.

Son xəbərlər

Orphus sistemi