Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti
"Report" xəbər verir ki, Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Macarıstana sonuncu səfərini məmnunluqla xatırlayıb. İki ölkə arasında parlamentlərarası əməkdaşlığın da fəal şəkildə inkişaf etdiyini bildirən dövlət başçısı ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Prezident İlham Əliyev Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərinin parlamentlərarası əlaqələrin inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı səfərin Azərbaycanla yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına da əminliyini ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana son səfərinə toxunan Laszlo Köver səfərin mühüm əhəmiyyət daşıdığını və səfər çərçivəsində imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Macarıstanlı qonaq birinci Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında əlaqələrin enerji, təhsil, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.