Azərbaycan-Hindistan Müştərək Komissiyanın iclası keçiriləcək

Azərbaycan-Hindistan Müştərək Komissiyanın iclası keçiriləcək İclas cari ilin may ayına nəzərdə tutulub
Xarici siyasət
4 Aprel , 2018 22:47
Azərbaycan-Hindistan Müştərək Komissiyanın iclası keçiriləcək

Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin may ayında Azərbaycan və Hindistan ikitərəfli Müştərək Komissiyasının iclası keçiriləcək.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Hindistanın xarici işlər naziri xanım Suşma Svaraj ilə birgə mətbuat konfransında deyib.

"Həmkarımla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş geniştərkibli görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət, elm, turizm, əczaçılıq kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik. İkitərəfli Müştərək Komissiyanın iclasının bu ilin may ayında keçirilməsi ilə bağlı Hindistan tərəfinin təklifinə razılığımızı bildirdik", - deyə o bildirib.

Nazir müzakirə olunan digər məsələlər barədə də məlumat verib:

"Bu gün həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” və “ADA Universiteti ilə Hindistanın Xarici Xidmət İnsititutu arasında diplomatik sahədə təlim-tədris üzrə əməkdaşlıq sənədi” imzalandı.

Bildiyiniz kimi, enerji sahəsində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir, Hindistan şirkətləri “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsində iştirak etmişdir. Şimal-Cənub və Cənub-Qərb nəqliyyat marşrutları Hind Okeanı ilə Atlantik Okeanını dəmir-yolu ilə daha qısa müddət ərzində birləşdirmək potensialına malikdir. Xanım nazir Hindistanın bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Həmkarımla həmçinin informasiya texnologiyaları sahəsində əməkdaşlıq və mütəxəssislərin hazırlanması məsələsini xüsusilə müzakirə etdik. Hindistan şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna sərmayələr qoyması məsələsini də qeyd etdik. Ümumiyyətlə, iqtisadi-ticarət əlaqələrimizin inkişafı üçün Hökumətlərarası birgə komissiyanın mühüm rolu var". 

Son xəbərlər

Orphus sistemi