Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir Fikrət Məmmədov Doha şəhərində Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib
Xarici siyasət
2 Mart , 2017 19:00
Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

Bakı. 2 mart. REPORT.AZ/ Prezident İlham Əliyevin siyasi iradəsi ilə respublikada korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Azərbaycan 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim iştirak edir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, bu il fevralın 27-28-də Qətərin paytaxtı Doha şəhərində Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə qurumun vitse-prezidenti, ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.

Tədbirdə mühüm təşkilati məsələlər, xüsusilə Assosiasiyanın Konstitusiyasına dəyişikliklərin edilməsi, qurumun gələcək fəaliyyəti və bu barədə IAACA-nın bütün üzvlərinə tövsiyələrin hazırlanması, beynəlxalq əlaqələrinin gücləndirilməsi müzakirə olunub, təşkilatın yeni Baş katibinin seçilməsi məsələsinə baxılıb.

Müzakirələr zamanı F.Məmmədov tərəfindən çıxışlar edilərək Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirləri barədə məlumat verilib, Azərbaycan tərəfindən aparılan beynəlxalq antikorrupsiya internet şəbəkəsinin bu qlobal bəla ilə mübarizəyə mühüm töhfə verdiyi bildirilib, habelə təşkilatın inkişafına və antikorrupsiya əməkdaşlığın genişləndirilməsinə dair bir sıra təkliflər irəli sürülüb.

İclas çərçivəsində Assosiasiyanın prezidenti - Qətərin Baş prokuroru Dr. Ali Al Marri ilə keçirilmiş ikitərəfli görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, bu əlaqələrin möhkəmlənməsində dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin xüsusi rolu qeyd olunmaqla həmin tarixlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qətərə rəsmi səfərinin və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı ədliyyə və prokurorluq sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə, korrupsiyaya qarşı qlobal mübarizəyə və əməkdaşlığa dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbir çərçivəsində bir sıra digər dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilərək antikorrupsiya sahəsində birgə fəaliyyətə dair faydalı danışıqlar aparılıb.

Keçirilən görüşlərdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, xüsusilə Xocalı soyqırımının acı həqiqətləri həmsöhbətlərin diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi