“Nəinki indi, keçmiş Sovet İttifaqı dağılan zamandan Avropa üçün daimi tərəfdaşlıqda maraqlı ölkələrdən biri də Azərbaycan olub.
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniyanın Berlin əyalətinin deputatı, Azad Demokratlar Partiyasının (FDP) sözçüsü Marsel Lute (Marsel Luthe) bildirib.
O deyib ki, sadəcə olaraq, Almaniya cəmiyyətində Azərbaycanın yetərincə tanıdılması üçün işlər görülməlidir və Azərbaycan tərəfinin lobbiçiliyinin bu istiqamətdə görməli olduğu xeyli iş var: "Düşünürəm ki, bu, yaxın zamanda öz həllini tapa bilər. Biz demokratik ölkəyik, dövlətin istənilən qərarında cəmiyyətin reytinqli rəyi nəzərə alınır”.
Deputat qeyd edib ki, hazırda Almaniya və Azərbaycan arasındakı münasibətlərdə ikitərəfli maraqlar bir çox sahələr üzrə yaxın zamanda müsbət nəticələr verəcək.
"Avropa İttifaqına Azərbaycan kimi tərəfdaş daim lazımdır. Eyni zamanda Azərbaycan enerjidaşıyıcılarının ixracatçısı kimi, Almaniyada, ümumiyyətlə, Avropada özünü daha da yaxından tanıtmalıdır. Avropanın maraqlarının təmin olunması fonunda Azərbaycanın çox böyük rolu var”, - M.Lute vurğulayıb.