Avropa Şurasında 47 üzv dövlətin məhkəmə sistemi müzakirə olunub

Avropa Şurasında 47 üzv dövlətin məhkəmə sistemi müzakirə olunub İyunun 13-14-də Fransanın Strasburq şəhərində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 32-ci plenar iclası keçirilib.
Xarici siyasət
18 İyun , 2019 20:23
Avropa Şurasında 47 üzv dövlətin məhkəmə sistemi müzakirə olunub

İyunun 13-14-də Fransanın Strasburq şəhərində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 32-ci plenar iclası keçirilib.  

"Report"un məlumatına görə, Avropa Şurasının 47 üzv dövlətinin rəsmilərinin qatıldığı geniştərkibli yığıncaqda Elektron ədliyyənin yaradılmasına dair Təlimat Toplusu, Mediasiya ilə bağlı milli qanunvericiliyin hazırlanmasına dair Avropa Təlimatı, Mediatorlarla bağlı tədris proqramlarının tərtibinə dair Rəhbər Qaydalar təsdiq edilib.

CEPEJ-in prezidenti Ramin Qurbanovun sədrliyi ilə iclasın bir hissəsi Avropa İnsan Hüquqları Məhkəməsi ilə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası arasında əməkdaşlıq məsələləri və həmin komissiyanın məhkəmənin işinin yaxşılaşdırılmasında roluna həsr olunub. Avropa Məhkəməsinin yeni seçilmiş sədri Linos-Aleksandre Sislianosun geniş tərkibli hakim və aparat işçilərindən ibarət nümayəndə heyəti tədbirdə fəal iştirak edib.

Qeyd edək ki, Avropa Şurasının ən mötəbər monitorinq və məşvərətçi qurumlarından olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa İnsan Hüquqları Məhkəməsinin həddindən artıq yüklənməsi ilə bağlı yaradılıb (Avropa Məhkəməsinin 2018-ci ildən cari ilə keçən qalıq işlərinin sayı 56 000 civarındadır). Buna görə də CEPEJ-in fəaliyyətinin başlıca məqsədlərindən biri 47 üzv dövlətin milli məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması ilə Avropa Məhkəməsinin iş yükünün azaldılmasıdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin Belçika, Hollandiya, Rusiya, Ermənistan, Kipr, Polşa, Litva, Monteneqro, Albaniya, İtaliyadan olan hakimləri müzakirələrdə iştirak edərək Avropa Şurasının iki qurumu arasında birgə fəaliyətin qurulması istiqamətində tədbirlərin görülməsinin, habelə Avropa Məhkəməsinin qərarlarında CEPEJ-in rəhbər qaydaları və digər sənədlərinə hakimlər tərəfindən istinad olunmasının zəruriliyini bildiriblər.

İclasda bir daha Avropa Şurasının üzv dövlətlərində məhkəmə sistemlərinin səmərəliliyi və keyfiyyətinin artırılması məqsədilə CEPEJ tərəfindən təsdiq olunmuş sənədlərin və rəhbər qaydaların üzv dövlətlərdə tətbiqinin vacibliyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi