Yuxarı

ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

​ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti George Tsereteli və qurumun Baş katibi Roberto Montella ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib və konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən E.Məmmədyarov, ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov ölkəmizdə aparılan struktur islahatları və idarəetmənin təkmilləşdirilməsi haqqında danışıb və dövlət başçısının sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilərin gələn ilin fevral ayında keçiriləcəyini qarşı tərəfin diqqətinə çatdırıb. Nazir parlament seçkilərinin azad, ədalətli, şəffaf və demokratik şəkildə keçiriləcəyi və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə inamını vurğulayıb.

Öz növbəsində G.Tsereteli və R.Montella Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək, ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin tərəflər ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun yaradılmasının tərəflər arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini bildiriblər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi