“Seçki administrasiyası resurslarla yaxşı təmin edilmişdi və qanunla müəyyən edilmiş müddətlərə riayət edirdi, Azərbaycan
“Report” xəbər verir ki, bunu ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru Artur Gerasimov beynəlxalq müşahidəçilərin - ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri üzrə müşahidələrinin nəticələrini əks etdirən ilkin hesabatını təqdim edərkən deyib.
ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi əlaqələndiricisi seçkiləri müşahidə etmək üçün dəvətinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
O qeyd edib ki, ənənəvi KİV-də kampaniyanın ciddi şəkildə işıqlandırılmaması, cəmiyyətdə və televiziyalarda debatların olmaması seçkiyə cəmiyyətin diqqətinin az olmasının səbəblərindən biridir.
“Azərbaycan 25 ildən çoxdur ki, ərazilərinin 20%-dən çoxunun işğal edilməsindən əziyyət çəkir. Buna görə də Azərbaycanın bəzi bölgələrində səsvermə prosesini təşkil etmək mümkün olmadı”, - A.Gerasimov bildirib.
“Ermənistanla münaqişənin bu ölkədə seçkilərin təşkilinə təsirini yaxşı bilirəm və məcburi köçkünlərin seçkilərdə iştirakını təmin etmək üçün göstərilən səyləri yüksək qiymətləndirirəm”, - missiyanın xüsusi koordinatoru söyləyib.
Müşahidəçilər qeyd ediblər ki, beş həftə ərzində Azərbaycandakı seçkilər üzrə yekun hesabat hazır olacaq.