Yuxarı

Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının təqdimatına həsr olunmuş "dəyirmi masa" keçirilib

Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün

"Azərbaycan Respublikasında əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına tələbatının daha dolğun və davamlı təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Bununla yanaşı, ölkədə qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artması, istehlakçıların sağlamlığının qorunması və hüquqlarının müdafiəsi kimi şərtlər qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsinin və nəzarət sisteminin təkmilləşdirilməsini zəruri edir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatına həsr olunmuş "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Dövlət Proqramının qəbul olunması dövlət başçısı tərəfindən qida təhlükəsizliyinə konseptual yanaşmanın və bu istiqamətdə strateji idarəetmənin təzahürüdür: "Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət göstərdiyi qısa müddət ərzində qarşıya qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflərin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2018-ci ilin ilk altı ayı ərzində Agentliyin səlahiyyətlərinin icrasına başlamaq üçün bir neçə istiqamətdə hazırlıq və quruculuq tədbirləri həyata keçirilib, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional inkişaf və maddi-texniki bazanın formalaşdırılması, beynəlxalq əməkdaşlığın qurulması, sahibkarların və istehlakçıların yeni sistem haqqında maarifləndirilməsi istiqamətində işlər görülüb. Agentliyə verilən səlahiyyətlərin icrası üçün bir sıra qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib, habelə yeni normativ hüquqi aktlar qəbul olunub. Bu dövr ərzində mövcud qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə 10 Qanun qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 Fərman və 10 Sərəncam imzalanıb, bundan əlavə, Nazirlər Kabineti tərəfindən 17 Qərar qəbul edilib. Eyni zamanda beynəlxalq təcrübəyə uyğun qida təhlükəsizliyi sisteminin hüquqi bazasının formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq təkmilləşdirilib. Eyni zamanda, Agentliyin maddi-texniki bazasının formalaşdırılması ilə yanaşı, qida təhlükəsizliyi sisteminin vacib komponenti olan laboratoriya infrastrukturu inkişaf etdirilib və qısa müddət ərzində Bakıda və regionlarda müasir tələblərə cavab verən, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində ən mürəkkəb analizləri aparmağa imkan verən 21 laboratoriya qurulub".

O qeyd edib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” üzrə strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına nail olmağı nəzərdə tutur: "Eyni zamanda, Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Sahibkarlarla əməkdaşlıq şəraitində qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə əməl olunması, ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi Dövlət Proqramının əsas məqsədlərindəndir".

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə bildirib ki, bu proqramın həyata keçirilməsində dövlət qurumları birgə çalışacaq, mövcud boşluqlar aradan qaldırılacaq.

Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, ərzaq təhlükəsizliyində əsas meyar keyfiyyətdir: "Proqram bu məsələdə nazirliyin üzərinə vəzifələr qoyur. Bundan irəli gələn məsələr nazirlik tərəfindən yerinə yetiriləcək".

Tədbir çıxışlarla davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi