Yuxarı

Prezident seçkilərində KİV-in rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib - YENİLƏNİB

© Report/ Elchin Murad

Bakı. 19 mart. REPORT.AZ/ Bakıda Azərbaycan Respublikası Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının təşkilatçılığı ilə Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin (KİV) rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib.

“Report”un xəbərinə görə, seminarda MSK sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİV rəhbərləri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, ölkədə jurnalistlərin seçki ilə bağlı məlumat almasına heç bir əngəl yoxdur. O, jurnalistləri bu məsələdə məsuliyyətli olmağa çağırıb. 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək deyib ki, Azərbaycanda seçkilərin imicini Kütləvi İnformasiya Vasitələri və müşahidəçilər formalaşdırır. O qeyd edib ki, jurnalistlərin peşəkarlığı burada xüsusi rol oynayır. 

Sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli deyib ki, telekanallar seçkinin işıqlandırılması ilə bağlı kifayət qədər təcrübə əldə edib. O, prezident seçkilərinin də telekanallar tərəfindən obyektiv işıqlandırılacağını vurğulayıb: “Azərbaycanda bir neçə seçki keçirilib, təcrübə toplanılıb. Peşəkarlıq nümayiş etdirmək üçün əsaslar var. İndiyə qədər namizədlər Milli Televiziya və Radio Şurasına televiziyalarla bağlı narazılıq etməyiblər”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov

Mətbuat Şurasının sədri Əflatun Amaşov da rəhbərlik etdiyi təşkilatın seçkidəki rolundan danışıb. O qeyd edib ki, jurnalistlərin seçkiləri işıqlandırmasında kifayət qədər təcrübələri var: “Biz bu məsələdə məsuliyyətimizi dərk edirik”.

MSK sədrinin müavini Natiq Məmmədov “Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqat mərhələsində təşviqat subyektlərinin azad davranışı və bərabərliyi. Bu prosesdə KİV-lərin rol və vəzifələri” mövzusundan çıxış edərək Seçki Məcəlləsinin tələblərini diqqətə çatdırıb.

“Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı sosial şəbəkələrdə, o cümlədən “Youtube” video portalında yerləşdirilən təhqir xarakterli videoların yığışdırılmasını təklif edib: “Bəzi şəxslər ölkə başçısını təhqir edirlər. Prezident ölkənin atributudur. Onun təhqir olunması yolverilməzdir. Bu məsələni hüquq mühafizə orqanları diqqətdə saxlamalıdırlar. Hansısa formada təkliflər hazırlayıb həmin videoları sildirmək lazımdır”.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də bu məsələyə toxunub, narazılığını ifadə edib. O təklif verərək deyib ki, “Youtube” video portalından yerləşdirilən təhqir xarakterli videolarla bağlı Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməlidir. 

MSK sədrinin müavini Natiq Məmmədov

MSK sədri Məzahir Pənahov da həmin məsələyə münasibət bildirərək deyib ki, təhqirə yolverənlər cəzalandırılmalıdır.

Tədbir müzakirə və suallarla davam edib.


*** 12:06

Bakı. 19 mart. REPORT.AZ/ Bakıda Azərbaycan Respublikası Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK), Milli Televiziya və Radio Şurası (MTRŞ) və Mətbuat Şurasının təşkilatçılığı ilə Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin (KİV) rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilir.

“Report”un xəbərinə görə, seminarda MSK sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİV rəhbərləri iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi