Ötən il 158 nəfər əcnəbi Naxçıvandan məcburi qaydada çıxarılıb

Ötən il 158 nəfər əcnəbi Naxçıvandan məcburi qaydada çıxarılıb Muxtar respublikada qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 338 əcnəbi aşkarlanıb
Daxili siyasət
18 Yanvar , 2017 11:00
Ötən il 158 nəfər əcnəbi Naxçıvandan məcburi qaydada çıxarılıb

Bakı 18 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında ötən il ərzində qanunsuz və qeydiyyatsız yaşayan və qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 338 əcnəbi aşkarlanıb.

"Report" xəbər verir ki, bunu muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə deyib.

O bildirib ki, aşkarlanan əcnəbilərdən 180-i barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə inzibati tənbeh növü tətbiq edilib, 143-ü 48 saat müddətində, 15-i isə inzibati qaydada Azərbaycanın hüdudlarından kənara çıxarılıb. Onun sözlərinə görə, ötən il əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyatı ilə bağlı xidmətə, ümumilikdə, 10324 müraciət daxil olub. Həmin müraciətlərdən 8509-u şəxsən təqdim edilib, 1815-i Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin elektron poçt ünvanına və elektron hökumət portalına göndərilib.

Hesabat dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə, ümumilikdə, 646 müraciət daxil olub. Həmin müraciətlərdən 617-si icra olunub, 29-u isə hazırda icra mərhələsindədir.

Xidmət rəisi bildirib ki, bu dövr ərzində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı daxil olan 6 müraciətin hamısı icra edilib. Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar xidmətə 619 müraciət daxil olub.Onlardan 616-sı icra olunub, 3-ü isə icraatdadır. 

Son xəbərlər

Orphus sistemi